25 May 2019 14:17
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim üçün çıxış etmək son dərəcə çətindir. Bu muzeyin yaradılmasını Sərhəd Xidmətinin çox böyük xidməti hesab edirəm. Bununla bağlı ölkə başçısı qarşısında məsələ qaldırılıb, belə bir muzeyin yaradılması barədə möhtərəm Prezidentimiz tapşırıq verib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən zaman deyib.

Nazirin sözlərinə görə, tarixdə elə hadisələr, elə proseslər var ki, onları yüz cild əsərlər yazmaqla insanların beyninə həkk edə bilmərik: “Amma elə addımlar atıla bilər ki, on illərlə edə bilməyəcəyimizi etsin. Bu baxımdan, Sahil bağında cənab Prezident müdrikliklə, cəsarətlə “26-lar”la əlaqədar məqbərəni sökdürdü, şəhər qəbirsitanlığına köçürtdü. Yüzlərlə versiyaların üstündən xətt çəkildi və məlum oldu ki, orda 26 yox, 23 cəsədin qalığı var. Sonra biz araşdırmalar apardıq, hər şey öz yerini tutdu”.

Əbülfəs Qarayev qeyd edib ki, bu muzeyin açılışı da Azərbaycan tarixşünaslığında, insanların beynində bir inqilab yaradacaq: “Çünki yazılarla, kitablarla şüurları dəyişdirmək çox çətindir. Xüsusilə, biz indi şüurumuzun, düşüncəmizin gəlişdirilməsi dövründə yaşayırıq. İqtisadiyyatda yüksəlişlərimiz irəlidə daha çox olacaq, başqa sahələrdə abidələr də yaradacayıq. Amma on illər, yüz illər lazım gəlir ki, insan beynində dəyişiklik olsun.

Bu baxımdan da bu muzeyin son dərəcə böyük əhəmiyyəti var.

Düşünürəm ki, onu iki hissəyə bölmək olar. Birinci əhəmiyyəti ondan ibarətdir ki, bura ilə dərindən tanış olduqca, hələ bura sənədlərlə zənginləşdiriləcək, araşdırmalar aparılacaq. Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdi”.

Nazir əlavə edib ki, bu fəlakətlər Azərbaycan xalqının başına gətirilib: “Sovet hakimiyyəti illərində soyqırım yeni mərhələyə, daha dəhşətli mərhələyə daxil oldu. Bu binada həmən o soyqırım cəlladlarının nümayəndələri, onların varisləri, yuva saldılar. Beləliklə, repressiya orqanları əslində ermənilərin əlinə keçdi”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər