Hesabat onu göstərir ki, 2018-ci il dövlət büdcəsi lazımı səviyyədə icra edilib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat əlavə edib ki, 2018 və 2019-cu il dövlət büdcəsində hərbi xərclərin öndə olması başadüşüləndir: “Hesab edirəm ki, gələcək illərdə də bu, belə olacaq".
Deputat daha sonra qeyd edib ki, həmsədrlərin regiona səfəri zamanı Azərbaycan ordusunun zabiti şəhid oldu: "Bu, ciddi suallar doğurur. Ehtimal var ki, qarşıdakı illərdə münaqişə bölgəsində gərginlik artacaq. Ermənistanda indiki hakimiyyətə qarşı olan qüvvələr bəyan edirlər ki, Paşinyan güzəştlərə hazırlaşır. Rusiya və erməni mətbuatı yazır ki, Rusiyadakı erməni oliqarxları ilə Qarabağdakı separatçılar arasında razılaşma əldə edilib və Paşinyan hakimiyyətdən yıxmaq üçün addım atılacaq. Bu fonda Paşinyanın güzəştlə getməsi ağlabatan deyil. Bu mənada hesab edirəm ki, dövlət büdcəmizin tərtibi zamanı hərbi xərclər ana xətti təşkil etməlidir”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Xarici İşlər Nazirliyi artıq mövqeyini ifadə edib: “Bütün beynəlxalq qurumlarda bizim nümayəndəliklərə göstəriş veriləcək ki, son hadisəni hər yerdə qaldırsınlar”.