31 May 2019 15:42
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.

Qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Şəhərin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi. Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda, bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, o dövrkü Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar. Həmin memarlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər