Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, millət vəkilinin bəyanatında bildirilir: “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”.
Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.
“Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, - deputat bildirib.