12 İyun 2019 19:49
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal altındakı Dağlıq Qarabağda maraqlı yerdəyişmələr olub. Erməni separatçılarının lideri Bako Saakyan iyunun 11-də “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı və “fövqəladə hallar naziri” Levon Mnatsakyanı vəzifələrindən azad edib. Bako Saakyan başqa qərarı ilə Levon Mnatsakyanı “daxili işlər naziri” təyin edib. Bako Saakyanın “mətbuat katibi” David Babayan “prezident”in qərarını sadəcə kadr yerdəyişmələri kimi izah edərək deyib: “Kadr dəyişikliklərinin siyasi səbəbi yoxdur”. Ancaq səbəb var.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.

Yazıda qeyd olunur ki, V.Balasanyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi”nə hazırlaşır:

“Ona görə də Bako Saakyan tərəfdarına “prezident” seçkisinə rahat hazırlaşmaq imkanı yaradıb. Ancaq Bako Saakyan son kadr yerdəyişməsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın ona artan təzyiqini yumşaltmağı da planlaşdırıb. Çünki Paşinyan ən çox Balasanyanın açıqlamalarından narazı idi. Paşinyanın son açıqlamasını xatırlayaq: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar”.

Paşinyan məhz Vitali Balasanyanı nəzərdə tutur. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasanyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazır. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, Balasanyanı ağla gətirsin. Saakyan da Balasanyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən uzaqlaşdırmaqla həm Paşinyanın təzyiqlərindən yaxa qurtardı, həm də Balasanyana imkan yaratdı ki, “seçkiyə” hazırlaşsın”.

Analizdə bildirilir ki, V.Balasanyan eks-prezident Robert Köçəryanın adamıdır, ona qulluq edir:

“Ona görə də Paşinyan Balasanyanın Dağlıq Qarabağdakı vəzifəsindən uzaqlaşdırılmasına nail olsa da, əslində bu rahatlığın ömrü uzun çəkməyəcək. Çünki böyük ehtimalla 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başında yenə Köçəryanın adamı oturacaq, bu ya Balasanyan, ya da bir başqası olacaq.

Bako Saakyanın “mətbuat katibi” David Babayan “fövqəladə hallar naziri” Levon Mnatsakyanın vəzifəsindən uzaqlaşdırılmasını qəribə şəkildə izah edib: “Dağlıq Qarabağda seçki ərəfəsində vəziyyət gərginləşə bilər, ona görə də Levon Mnatsakyanın timsalında polisin güclənməsinə ehtiyac var”. Bu cümlədən çıxan nəticə budur ki, separatçıların təmsilçiləri seçki günü Dağlıq Qarabağı daxildən qarışdırmaq istəyənlərin olduğuna işarə vururlar. Azərbaycanın Dağlıq Qarabağı daxildən qarışdırmaq imkanı yoxdur, bunu edə biləcək qüvvə Ermənistandadır.

Levon Mnatsakyanın da Balasanyan kimi Paşinyandan və onun partiyasından xoşu gəlmir. Levon Mnatsakyan 2018-ci ilin dekabrına qədər Dağlıq Qarabağda “müdafiə naziri” idi. O, Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyanın “Ermənistanda inqilab Qarabağ müharibəsindən daha vacib idi” sözlərinə sərt şəkildə etiraz etmişdi. Bu etiraz Paşinyanın ciddi narazılığına səbəb olmuş və o yenə Bako Saakyana barmaq silkələyərək “tərəfdarlarının danışıqlarına fikir ver” xəbərdarlığını göndərmişdi. Bako Saakyan o zaman Levon Mnatsakyanın vəzifəsini dəyişsə də, indi Paşinyanın acığına onu daha böyük “vəzifəyə” gətirdi”.

Təhlilin sonunda bildirilir ki, B.Saakyanın vəzifəsindən azad etdikləri içərisində “müşaviri” Artur Aqabekyan da var:

“O da Vitali Balasanyan kimi gələnilki “prezident seçkisinə” hazırlaşır. Ancaq Artur Aqabekyan özü “seçkiyə” qatılmayacaq, keçmiş “dövlət naziri” Arayir Arutunyanı dəstəkləyəcək. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da “seçkiyə” hazırlaşır. Ancaq Babayan son 10 ildə Dağlıq Qarabağda yaşamayıb. “Dağlıq Qarabağ Konstitusiyasına” görə isə “seçkiyə” qatılan namizəd son 10 ildə bölgədə yaşamalıdır. Ona görə də Samvel Babayan ilkin mərhələdə separatçıların “Konstitusiyası”ndan həmin bəndin dəyişdirilməsinə çalışmalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər