1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyi üçün əvəzsiz əhəmiyyəti olan hadisə baş verdi. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi.
Əslində, cəmiyyətin həmin dövrdə bu seçimi etməsi asan deyildi. Çünki geosiyasi vəziyyət o dərəcədə qarışıq və qeyri-müəyyən idi ki, düzgün istiqamət götürmək çox çətin məsələyə çevrilmişdi. Bundan başqa, o dövrdə səriştəsiz rəhbərlik ölkənin vəziyyətini daha da ağırlaşdırmışdı. Ermənistanın havadarlarının böyük dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi ölkənin varlığını risklərə atırdı. Bu kimi tendensiyaların qarşısını ancaq böyük siyasi iradə və idarəçilik təcrübəsi olan, xalq və dövlət qarşısında məsuliyyətini tam hiss edən vətənpərvər lider ala bilərdi. Tarix belə bir şəxsiyyəti Azərbaycan xalqına qismət etmişdi. O, ulu öndər Heydər Əliyev idi. Ümummilli Liderin hakimiyyətə yenidən gəlişi sözün bütün mənalarında dövlətin, millətin, milyonlarla azərbaycanlının həyatının xilası oldu. Milli Qurtuluş Gününə vurğulanan bu məqamların işığında daha geniş nəzər salmağı zəruri hesab edirik.
Xalqın müdrik qərarı
26 il öncə Azərbaycanın dövlətçilik tarixi böyük bir faciəni adladı. Səriştəsiz rəhbərliyin səhvləri ucbatından ölkə çox ağır bir vəziyyətə düşmüşdü. Siyasi çəkişmələr, yanlış ideoloji seçim, xarici düşmənlərin aramsız dağıdıcı fəaliyyəti Azərbaycanı məhv olmaq həddinə gətirmişdi. Xalq o anda öz düzgün qərarını verib Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Həmin məqamı Prezident İlham Əliyev çox gözəl təsvir edib. Dövlət başçısı deyib: "Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək, onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı". Bəli, XX əsrin 90-cı illərində müstəqil Azərbaycanın müstəqil həyatı Heydər Əliyevin yenidən rəhbər dəvət edilməsi ilə başladı!
"Qurtuluş" sözü Azərbaycan üçün geniş məna çalarlarına malikdir. Ulu Öndər Vətəni səriştəsiz siyasətçilərin əlindən qurtardı. Bu, çox önəmli idi. Həmin mərhələdə əksəriyyətdə belə bir illüziya var idi ki, təntənəli şüarlar və çağırışlarla müstəqil dövlət qurmaq olar. Sovet məkanında bu cür düşünənlər az deyildi. Onlar mücərrəd milliyyətçiliklə absurd liberalizm arasında vurnuxurdular. Konkret tarixi şərtlər daxilində müstəqil dövlət qurmağın real və praktiki xəttini bilən çox az idi.
Siyasi liderin dövlət quruculuğu təcrübəsi olmadıqda isə vəziyyət, ümumiyyətlə, dövlətçiliyin itirilməsi həddinə kimi pisləşə bilir. Deməli, o vaxt əsas məsələ cəmiyyəti naşı siyasətçilərin, şüarçıların, populistlərin və qeyri-real düşünənlərin əlindən xilas etməkdən ibarət olmalı idi.
Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl bunu həyata keçirdi. Tədricən, qanuni əsasla dövlətə rəhbərliyi ələ alaraq, xalqın gələcəyini xilas etdi. Bu qurtuluşun tarixi əhəmiyyəti çox qiymətlidir. Cəmiyyət tədricən psixoloji şokdan çıxmağa başladı. Heydər Əliyev ağıllı, təmkinli və dəqiq hesablanmış addımları ilə xalqa ümid verdi. Göstərdi ki, Azərbaycan xalqı qüdrətlidir, özünə inanmalıdır. Əgər belə olsa, mütləq müstəqil dövlət quruculuğunu böyük uğurla başa çatdıracaq. Bu, qurtuluşun başqa bir vacib məqamıdır.
Xalqın psixologiyasında məğlubiyyət üstünlük təşkil edirsə, onun sistemli və davamlı olaraq hansısa xətti həyata keçirməsi imkansızdır. Belə cəmiyyət daha çox kütləni xatırladır və onu kənardan idarə etmək asandır. Məhz ümummilli lider Heydər Əliyev cəmiyyətin psixologiyasında olan bu tənəzzülün qarşısını alıb qısa müddətdə ona qalib psixologiyasını aşıladı. Buradan qurtuluşun çox önəmli digər özəlliyinə keçid vardır.
Heydər Əliyev öz praktiki fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Bu, Ulu Öndərin siyasi qətiyyətində, möhkəm iradəsində, verdiyi sözlərə dəqiq əməl etməsində, dəqiq işlənmiş kurs əsasında islahatlar aparmasında, səmərəli daxili və xarici siyasət kursu, dövrün tələblərinə uyğun milli maraqlara xidmət edən enerji siyasətini işləyib hazırlamasında və ölkənin ərazi bütövlüyünü bərpa etmənin yolunu tapmasında təsdiqləndi.
Dünyanın güclü siyasi-hərbi dairələrinin sui-qəsd və dövlət çevrilişi planlarının qarşısını alan Heydər Əliyev neft müqavilələrinin həyata keçməsi üçün geniş imkanlar yaratdı. Şübhə yoxdur ki, Ulu Öndərin bu qətiyyəti olmasa idi, indi Cənubi Qafqazın geosiyasi mənzərəsində qaranlıq məqamlar daha çox olardı. Bu baxımdan 1993-2000-ci illər Azərbaycanın dövlət olaraq bir sıra təhlükələrdən böyük mənada tam qurtuluşu mərhələsidir. Tarixi baxımdan bu faktorun qurtuluşun çox mühüm bir aspektini əks etdirdiyini qəbul etmək gərəkdir.
Qurtuluşdan tərəqqiyə sürətli keçid
Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir xəttə çıxardı. Ulu Öndər postsovet məkanında yeganə lider oldu ki, müstəqil dövlət quruculuğunu bütün istiqamətlərdə müasir tələblər səviyyəsinə yüksəltdi. Bununla Ümummilli Lider milli dövlət quruculuğu kursunu köhnəlikdən, əsası olmayan populizmdən xilas etdi. Heydər Əliyev göstərdi ki, güclü dövlət qurmaq real qurtuluş yoludur. Demokratiya ancaq güclü dövlətin olduğu, qanunların aliliyinin təmin edildiyi yerdə mövcud ola bilər. Və bu tezisi konkret siyasi fəaliyyəti ilə tam sübut etdi.
Təcrübə göstərir ki, lider nümunə ola bilmədikdə dövlət zəifləyir, cəmiyyət inkişaf istiqamətini itirir. Heydər Əliyev isə harada olmasından asılı olmayaraq, bir qəhrəmanlıq, yüksək zəka sahibi olmaq və dövlətçiliyə tam sadiq qalmaq nümunəsi idi. Ulu Öndər Azərbaycanda vətəndaşlarla görüşündə də, BMT-nin yüksək tribunasından çıxışında da əsl xilaskar kimi davranırdı. BMT-də 1994-cü və 1995-ci illərdə etdiyi möhtəşəm çıxışında dünyaya göstərdi ki, Azərbaycan təhlükələrdən qurtulub və demokratik, sivil və müstəqil dövlət kimi beynəlxalq miqyasda sülhün, barışın və əməkdaşlığın inkişafına ciddi töhfələr verməyə hazırdır. Bununla Ulu Öndər dövlətin imicini düşmənlərin bədxah planlarından qurtardı. Və Azərbaycanın sonrakı tərəqqisi üçün lazım olan beynəlxalq mühiti formalaşdırdı.
1993-cü il iyunun 15-də Azərbaycanın müstəqil dövlətçiliyi üçün çox böyük əhəmiyyəti olan bir təhlükədən də tədricən qurtulmaq prosesi baş tutdu. Biz, Azərbaycanın müdafiə qüdrətinin sistemli və davamlı olaraq artırılması xəttini nəzərdə tuturuq. Heydər Əliyev öncə ordunu intizamsızlıqdan qurtardı. Nizami ordu olmasa, ərazinin bütövlüyünün bərpası mümkün olmaz. Ulu Öndər yüksək səviyyəli hərbi kadr hazırlığına böyük diqqət yetirdi. Qısa müddətdə Azərbaycan ordusu sovetlərdən qalmış çoxlu sayda qüsurlardan qurtuldu. Yeni və modern ordu quruculuğu geniş vüsət aldı.
Təcrübə göstərir ki, Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu kursu çox perspektivlidir. İndi Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Və bu proses dayanmadan davam edir. Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini çox böyük uğurla inkişaf etdirir. Nəticədə, Azərbaycan ordusu istənilən an işğal altındakı torpaqları düşmənlərdən təmizləyə bilmək səviyyəsinə yüksəlib. Əlbəttə, ordu quruculuğunun qeyri-müəyyənlikdən, səriştəsiz rəhbərlikdən xilas olması ciddi tarixi hadisədir.
Azərbaycanın qurtuluşu üçün olduqca böyük əhəmiyyəti olan başqa bir hadisə Ulu Öndərin siyasi varisliyi təmin etməsi oldu. Bu məqam siyasi olaraq ölkənin əsl qurtuluşu idi. Çünki müstəqil dövlət quruculuğunun tam başa çatması üçün siyasi varislik təmin edilməlidir. Dünyanın tanınmış ekspertləri bu məqamı ayrıca vurğulayırlar. Onlar hesab edirlər ki, istənilən bir ölkədə siyasi kursda davamlılıq, sistemlilik və dəqiqlik olmasa, uğurlu müstəqil və milli dövlət qurmaq mümkün olmaz. Bu səbəbdən İlham Əliyevin siyasi varis kimi yetişdirilməsi Azərbaycan dövlətçiliyinin başlıca qurtuluş məqamlarından biri kimi qəbul edilməlidir.
Prezident İlham Əliyev fəaliyyəti ilə sübut edir ki, Azərbaycanda dövlət quruculuğu əmin əllərdədir. Hazırda Azərbaycan liderliyini daha da inkişaf etdirərək, təsir dairəsini genişləndirir. Həyata keçirilən müxtəlif sosial, iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və s. üzrə layihələr müstəqil dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini sübut etməkdədir.
Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qədirbilən xalqımız müstəqil dövlətçilik naminə 15 iyun – Milli Qurtuluş Gününü həmişə böyük ruh yüksəkliyi ilə qeyd edəcək. Əlbəttə, bu yol sonsuzdur. Nə qədər vaxt ötsə də, hər bir Azərbaycan vətəndaşı qanlı-qadalı həmin illəri xatırlayacaq. O zaman Azərbaycan siyasi səhnəsində Heydər Əliyev Günəşi parlamasaydı, indi biz müstəqil dövlətin vətəndaşı kimi bu fikirləri yaza bilməzdik. Heydər Əliyev Azərbaycan ziyalılığını və jurnalistikasını da xilas etdi. Qurtuluş Günü hər bir vətəndaşın qurtuluşu günüdür./Newtimes.az/