20 İyun 2019 07:46
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 19-da parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatların suallarını da cavalandırıb.

“Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi nə yerdədir?” sualına cavab olaraq Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ “təmsilçilərinin” danışıqlarda iştirakı məsələsini qaldırmasın.

İkinci sual isə son günlər təmas xəttindəki gərginliklə bağlı olub və "müharibə başlaya bilərmi” sualına Paşinyan belə cavab verib

"Sülh istəsək də müharibəyə də hazır olmalıyıq. Müharibə bitməyib”.

Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Paşinyan çıxışı zamanı onun diplomatik səylərinin guya konkret nəticələri olduğunu da iddia edib, ancaq bu nəticələrin nədən ibarət olduğunu açıqlamayıb.

"Nikol Paşinyan əvvəl nə deyibsə onları təkrarlayıb, bircə ifadədən başqa: “müharibə bitməyib”. Onun bu fikri həqiqətə uyğundur, biz də hər zaman deyirik ki, müharibə bitməyib. Halbuki, Ermənistanı idarə edənlər illərdir ki, cəmiyyətlərinə təlqin edirdilər ki, guya torpaqlarımızı işğal etməklə məsələyə nöqtə qoyulub və guya müharibə onların xeyrinə bitib. Nikol Paşinyan isə erməni cəmiyyətinə bunun belə olmadığını izah edir və gələcək müharibənin anonsunu verir. Düz edir", deyə E.Şahinoğlu qeyd edib.


Müəllif: Teleqraf.com