20 İyun 2019 09:29
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

"Report" xəbər verir ki, hər iki nazir artıq Vaşinqtondadır.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Danışıqlardan əvvəl həmsədrlər ayrı-ayrılıqda həm E.Məmmədyarov, həm də Z.Mnatsakanyanla görüşüblər.

Bundan başqa, Azərbaycanın Xarici İşlər naziri Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com