Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclası zamanı erməni deputatların təxribatının qarşısı alınıb.
Ermənistandan olan deputat Naira Zohrabyan qurumun yay sessiyası çərçivəsində Azərbaycan tərəfini səhv rəqəmlər təqdim etməkdə günahlandırmağa səy göstərib.
Ancaq toplantının sədri ermənistanlı deputatı qəzəblənməməyə, təmkinini qorumağa çağırıb. O həmçinin N.Zohrabyanı sual-cavab formatına riaət etməyə dəvət edib.
Avropada öz ölkələrindən məcburi köçkün düşmüş insanların ehtiyacları və humanitar hüquqlarına dair hesabatın müəllifi Killion Munyama isə erməni deputata cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun iclasda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təqdim etdiyi rəqəmləri təsdiqləyib.
O, Dağlıq Qarabağ və ona bitişik 7 rayondandan məcburi köçkün düşmüş insanların sayının 600 min olduğunu bildirib. K.Munyama Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun tamamilə azərbaycanlıların yaşadığı şəhərlər olduğunu xüsusi vurğulayıb.
Hesabat müəllifi ermənistanlı deputat T.Hayrapetyanın Dağlıq Qarabağda yaşayan ermənilərin fikrinin öyrənilmədiyi, sənədin hazırlanmasında onların iştirak etmədiyi ittihamını da əsassız adlandırıb. O, hesabatın 4 ölkənin məcburi köçkünlərinə, habelə azərbaycanlı məcburi köçkünlərə həsr edildilyini, Dağlıq Qarabağda yaşayan ermənilərin bura heç bir aidiyyəti olmadığını bildirib.