Son aylar hökumət sosial sahədə müəyyən addımlar atıb, bir sıra istiqamətlər üzrə əmək haqları qaldırılıb, minimum əmək haqqı 250 manat olub. Bunlar müsbət addımlardır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə haqqında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev əlavə edib ki, bəzi destruktiv qüvvələrin bu artımdan sonra inflyasiya və ya devalvasiya olacağı haqqında iddiaları əsassızdır.
Deputat hökuməti növbəti addımlar atmağa dəvət edib: “Hesab edirəm ki, növbəti ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanları əməkdaşlarının əmək haqları da artırılmalıdır. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün dövlət hakimiyyət orqanlarının təmsilçilərinə layiqli əmək haqqı verilməlidir. Prezidentin 3 aprel fərmanında qeyd edilir ki, hüquqi islahatlar dərinləşdirilməlidir. Biz həm də çalışmalıyıq ki, hüquqi maarifçilik işi aparılsın. Əgər televiziyalarda hüquqi verilişlər aparılsa, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Daha çox bu məqsədlə seriallar çəkilir. İnsanlar bu serialllar baxmaqla həm əylənirlər, həm də hüququ prosedurları öyrənirlər. Biz ola bilsin ki, biz o səviyyədə seriallar çəkə bilmərik. Ancaq ən azından belə seriallar tərcümə edilə bilər”.