UNSEKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Mali Respublikasında törədilən terror hücumları barədə müzakirə aparılıb.
Teleqraf.com xəbər verir ki, əvvəlcə terror hücumları nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mali Respublikasının Mədəniyyət naziri Ndaye Ramatoulaye Diallo bildirib ki, dünən terrorçular Malidə hücumları daha da genişləndiriblər. O, bu zaman mədəni abidələrin də hədəfə alındığını bildirib:
“Mən Mali hökuməti adından BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə və bu hadisələrə qiymət verməyə çağırıram. Mən həmçinin, BMT-ni özünün sülhməramlı qüvvələrinin Malidəki mandatını daha da genişləndirməyə səsləyirəm. Biz sizə çağırış edirik ki, yerli əhali ilə yanaşı, bizim tarixi irsimiz olan Bacanqara qayalıqlarını terror hücumlardan qoruyasız. Biz xüsusilə Afrika ölkələrini Mali Prezidenti İbrahim Boubacar Keitanın rəhbərliyi altında Maliyə dəstək verməyə çağırıram. Bizə dəstək olun. Malidə baş verənlər Dünya İrs Komitəsinə dərs olmalıdır”.
Mali naziri həmçini, Tinbuktu məqbərəsinin dağıdılmasının qarşısını almaqda da Dünya İrs Komitəsindən dəstək istəyib:
“Afrikanın mədəni irsi olan bu abidə bilərəkdən dağıdılır. Bu, bizim mədəni irsimizdir. Mən Mali prezidnti adından bizə dəstək olmağ çağırıram. Bəşəriyyətin ayrılmaz hissəsi olan bu sərvətimiz qorunmalıdır. Biz Afrikada hər zaman mədəni irsin qorunmasımın ön cəbhəsində gedirik. Bizim üzləşdiyimiz bu çağırışın aradan qaldırlmasında mədəni dünyanı həmrəyliyə səsləyirik”.
Nazir Malinin terrorçular qarşısında əyilməyəcəyini vurğulayıb:
“Biz əyilməyəcəyik və dağıdılmış mədəni irsimizi bərpa edəcəyik. Biz hücumlardan asılı olmayaraq, biz məkrli düşmən üzərində zəfər çalacağımıza əminik”.