9 İyul 2019 13:10
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyi sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu irs nümunəsinin Dünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Mariya Edileuza bildirib.

M.Edilueza bu münasibətlə Azərbaycan xalqını təbrik edib, bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. O qeyd edib ki, qədim tarixə malik Şəki Böyük İpək Yolunun üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub:

“Şəkinin tarixi hissəsi təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”.

M.Edileuza 43-cü sessiyanın Braziliya üçün də əlamətdar olduğunu deyib:

“Bu sessiya zamanı mənim ölkəmin qarışıq (təbii və mədəni) irs nümunəsi olan “Parati mədəniyyəti və biomüxtəliflik” nominasiyası Dünya İrs Siyahısına daxil edildi. İki min hektara yaxın əraziyə malik Parati endemik quşların məskən saldığı zonanı əhatə edir. Bura təbii resurslarla zəngin, biomüxtəlifliyi ilə seçilən, yaquarların sıx məskunlaşdığı zonadır. Rio-de-Janeyro şəhərinin cənub hissəsində, San-Paulu şəhəri yaxınlığında yerləşir. Biz 10 ildən artıqdır ki, bu məsələ üzərində işləyirdik. Nəhayət, apardığımız iş səmərəsini verdi. Biz bu qərarın məhz Bakıda qəbul edildiyini hər zaman xatırlayacağıq”.

M.Ediluza bildirib ki, onun Bakıya artıq dördüncü səfəridir:

“Çox gözəl ölkəniz, qonaqpərvər xalqınız var. Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESKO-da mədəni irsinin qəbuluna dəstək oldu. Həm Paratinin, həm də Şəkinin Dünya İrs Siyahına daxil olunduğu sessiyada iştirakımdan məmnunam”.


Müəllif: Səxavət

Oxşar xəbərlər