"2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarımilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb".
Teleqraf.com xəbər verir ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Hərbi prokuror qeyd edib ki, artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb. Bu da Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi xüsusi diqqət və qayğının, bu sahədə onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində yaranmış ciddi nizam-intizamın, Silahlı Qüvvələrin ən müasir tələblərə cavab verən səviyyədə formalaşdırılmasının təcəssümüdür:
"Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin də çox böyük əhəmiyyəti olub. Belə ki, 2019-cu ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, DİN-nin Daxili Qoşunlarının komandanlığının və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilməklə, səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib".