30 Oktyabr 2019 20:10
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu gündən-günə artmaqdadır. Dünya ölkələri tərəfindən Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son vaxtlar ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilməsi buna sübutdur. Biz bu günlərdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci zirvə görüşünü Bakıda keçirdik. Bu toplantıda 159 ölkə və beynəlxalq təşkilatdan olan nümayəndələr iştirak edirdi. Azərbaycanın bu hərəkata sədrlik etməyə başlaması onun nüfuzunun göstəricisidir. Bir neçə gün bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması da təbii ki, ölkəmizin inkişafı ilə birbaşa bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə innovasiyaların və texnologiyaların inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılıb, layihələr həyata keçirilib:
“Məhz bu addımların nəticəsidir ki, bu gün Azərbaycan kosmik klubun üzvünə çevrilib. Bu gün Azərbaycanın 3 peyki var və dünyanın 1/3-nə kosmik xidmətlər göstərir. Yəni, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin dəstək verməsi heç də təsadüfi deyil. Bilirsiniz ki, dörd şəhər konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Onların arasında Azərbaycana üstünlük verilməsi ölkəmizin bugünkü imkanları, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsi ilə bağlıdır”.

Qeyd edək ki, oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edən Prezident İlham Əliyev konqresdən sonrakı dövrün Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalı olduğunu deyib. Bu baxımdan Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin ölkəmizdə bu sahənin inkaşafına necə təsir edəcəyi maraq doğurur. Bu istiqamətdə də sualımızı cavablandıran A.Badamov deyib:
“Təbii ki, bu gün Azərbaycanda innovasiyaların və texnologiyaların inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioriteti elan olunub. Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi də ölkəmizin dünyanın inkişaf etmiş astronavtika sənayesi haqqında yeni zəngin məlumatlar, texnologiyalar əldə etməsi üçün imkanlar yaradacaq. Yəni, Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmaq həm də ölkəmizin kosmik sənayesinin inkişafına veriləcək töhfə kimi qəbul edilə bilər”.

Səxavət Həmid


Müəllif: Səxavət Həmid