6 Dekabr 2019 08:16
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən doğrudan da Şamaxıda tez-tez oluram. Bir tərəfdən ona görə ki, Şamaxıya xüsusi diqqət göstərilir. Çünki bu, doğrudan da bizim tarixi şəhərimizdir. Ta qədim xəritələrdə Şamaxının adı vardır. Ona görə bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib.

Azərbaycan Prezidenti deyib: "Biz Şamaxının tarixini, mədəni irsimizi qorumalıyıq. Digər tərəfdən, son illərdə Şamaxıda bir çox açılışlar olub, mən burada bir çox obyektlərin fəaliyyətə başlamasını qeyd edirdim. Ona görə mən Prezident kimi Şamaxıda 12 dəfə olmuşam. Bu səfər 13-cüdür. Bu il isə 3-cü səfərdir. Birinci səfərlər zəlzələ ilə bağlı idi. Fevral ayında və ondan sonra birinci evlərin, o cümlədən Saray nənənin evinin yenidən tikilməsini qeyd etmək üçün gəlmişdim.

Onu da bildirməliyəm ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların problemləri daim diqqət mərkəzindədir. Mən bu işlə demək olar ki, müntəzəm maraqlanıram. Bu gün yeni çoxmərtəbəli evin açılışını da qeyd edəcəyik. Əsas yükü təbii ki, dövlət öz üzərinə götürübdür. Amma mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Mən dedim ki, şamaxılıların, zəlzələdən əziyyət çəkmiş bütün vətəndaşların məişət problemləri həll olunmalıdır və həll olunur. Necə ki, İsmayıllı və Ağsu rayonlarında, orada da böyük tikinti işləri aparılır. Bu, bir daha bizim siyasətimizi göstərir. İndi təbii fəlakətlər hər bir ölkədə baş verir

. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər.

Bir neçə il bundan əvvəl bizdə həm daşqın olub, həm də şimal-qərb bölgəsində zəlzələ olub. Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır.

Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır.


Müəllif: Teleqraf.com