Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan E.Həmzəyev erməni rəqibi Sergey Minasyana asanlıqla qalib gəlib.
1972-ci ildə Astarada doğulan E.Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. O, əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, daha sonra ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. E.Həmzəyev, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionu üzrə səlahiyyətli nümayəndəsidir.
Səxavət