"Sıxlığın qarşısını almaq üçün evdə oturmaq lazımdır".
Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov bu günkü brifinqdə deyib:
"Martın 31-də metrodan 66 mindın çox sərnişin istifadə edib. Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətlər bu tələbatları ödəyir.
Avtobus nəqliyyat vasitələri yerüstü hərəkət etdiyi üçün sıxlıq qaçılmazdır. Sərnişin sıxlığı qismən azalıb, lakin bu problem davam etməkdədir. Hər ötən gün rəqəmlər dəyişir.
Normalda bir dəfəyə 80 nəfər daşıyan avtobusun iş rejimini dəyişmək üçün bizə 2-3 min avtobus lazımdır. Bu, mümkün deyil. Bu sıxlıq yalnız pik saatlarda yaşanır".
O bildirib ki, metro bağlandığı üçün dayanacaqlarda "Bakı kart" aparatlarının sayı artırılı: "Vətəndaşlardan xahiş edirik ki, kartlarına tam gediş yükləsinlər. Bu sıxlığa səbəb olur.
Eyni zamanda avtobuslarda sıxlıq yarandıqda, sistem vasitəsilə izlənilir. Ekspress xətlər metro istifadəçiləri üçün nəzərdə tutulub. Nəqliyyat karantin rejiminə uyğun qurulub. Vətəndaşlardan bunları nəzərə almaqları xahiş olunur.
Bu gün NİM xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik.
Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşurut xətlərinin hərəkətini dayandıracağıq. Bununla bağlı Operativ Qərargaha müraciət edilib".
O, sərnişinlər qaydalara riayət etməsə, qəsəbələr ətrafı və şəhər ətrafı müntəzəm marşurut xətlərinin də ləğv ediləcəyini bildirib: "Biz əhalidən məsafə qorunması barədə tələblər etsək də, əməl etmirlər"
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, nəqliyyatın sərnişindaşıma imkanları karantin rejiminə uyğun hesablanıb: "Amma sərnişinlərin sayı və ictimai nəqliyyatın sayı arasında tərs mütənasiblik yaranıb. Vətəndaşlardan bunu nəzərə almaları xahiş olunur".
Vüsal Kərimovun sözlərinə görə, sərnişinlər davranışlarını təşkil olunan marşurut xətlərinə əsasən tənzimləməlidirlər: "Biz vətəndaşlarımızın evdən çıxmaması və karantin rejiminə əməl etməsini xahiş edirik. Sürücülərdən və ya nəqliyyat əməkdaşlarından kimsə virusa yoluxsa, biz qarajın fəaliyyətini dayandırmalı olacağıq. Bu isə arzuolunmaz haldır".