Steffen Claudio Lemme: “Azərbaycan zəngin mədəniyyətə malikdir”
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda rəsmi səfərdə olan Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Claudio Lemme ölkəmizlə yaxından tanış olub.
Teleqraf.com-un məlumatına görə, almaniyalı deputat ilk öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib.
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qonağa Azərbaycanın milli mədəniyyəti, tarixi, milli musiqisi ilə bağlı məlumat verib. O, daha sonra ermənilərin Azərbaycana təcavüzü, xalqımıza qarşı törədilən qətliamlar, eləcə də Xocalı soyqırımı və digər Azərbaycan həqiqətləri barədə məlumatları alman millət vəkilinin diqqətinə çatdırıb.
Təşkilat sədri Quba Memorial Kompleksində olan millət vəkilinə bu kütləvi məzarlığın ermənilərin xalqımıza qarşı törətdiyi qətliamın bariz nümunəsi olduğunu bildirib. C.Ələkbərov bütün bunlara rəğmən dünya ictimaiyyətinə erməni diasporu tərəfindən yanlış məlumatlar ötürülməsindən təəssüfləndiyini vurğulayıb.
Deputat ölkəmizdə olmasından məmnun olduğunu, tarixi bilgilərə görə, təşəkkürünü bildirib. Xüsusilə, Azərbaycan xalqının qonaqpərvər, istiqanlı və dost xalq olduğunu, belə səfərlərin iki xalq arasında dostluq bağlarının daha da güclənməsinə təsir etdiyini, Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu önə çəkib.
C.Ələkbərov bu kimi səfərlərin Almaniya-Azərbaycan münasibətlərinə öz müsbət töhfəsini verdiyini, Steffen Claudio Lemmenın Azərbaycanın yaxın dostlarından olduğunu qeyd edib.
Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ölkəmizin tarixi həqiqətləri haqqında məlumat verərək, Qarabağ probleminin baş vermə səbəblərini diqqətə çatdırıb.
Alman-Azərbaycan Gənclər Assosiasiyasinin sədri, Almaniyada ölkəmizin tanıdılmasına çalışan gənclərdən olan Raksana Civişova bu kimi səfərlərin Azərbaycanın Almaniyada mövqelərinin artmasına səbəb olduğunu və belə səfərləri müntəzəm olmasını arzulayaraq, qarşıda bir sıra layihələrin həyata keçiriləcəyini söyləyib.
BƏXTİYAR