Azərbaycanın Özbəkistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, səfir Hüseyn Quliyev və digər diplomatlar Ulu Öndərin səfirlikdəki abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Diplomat bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə ölkəmizin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Səfir qeyd edib ki, Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri Azərbaycanın neft strategiyasını qurmaq olub. Bu strategiya çərçivəsində bütün təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi” imzalanıb, ölkəmizə milyardlarla dollar sərmayə qoyulub.
Sonra səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və bu qurumun kollektivi Ulu Öndərin mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyub.