Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər.
Teleqraf.com Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Bakı şəhərinin Nəsimi rayonundan Rauf Zeynalov və Ləman Salayeva yazırlar:
“Hörmətli cənab Prezident, bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə, onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır. Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq. Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun”.
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Elvira Əhmədova:
“Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlib, dünya birliyində özünə layıqli yer tutub. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır. Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Ağcabədi şəhərinin sakini Vaqif Məmmədovun məktubunda deyilir:
“Hörmətli cənab Prezident, ilk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə “ASAN Həyat” kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır. Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram”.
Salyan şəhərindən İlqar Qədirov, Püstə Hacıyeva, Sürəyya Əsgərova, Taleh Axundov və Lamiyə Almasova yazırlar:
“Möhtərəm cənab Prezident, Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Respublikamızda təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik. Məhz Sizin diqqət və qayğınız sayəsində respublikamızın müxtəlif yerlərində körpələr evi-uşaq bağçaları əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchiz edilir. Salyan rayonunda da geniş quruculuq, abadlıq, təmir işləri göz önündədir. Salyan şəhər N.Babayev küçəsində yerləşən 9 saylı uşaq bağçası öz istismar müddətini başa vurduğu üçün onun yerində müasir standartlara cavab verən 60 yerlik uşaq bağçasının tikilməsi bizi çox sevindirir. Fidan balalarımız üçün belə bir müasir uşaq bağçasının tkilməsinə görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun!”.
Gəncə şəhərindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov:
“Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz sərəncamlar bizi çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcəklər. Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə idman saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial–iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.
Sumqayıt şəhərinin sakini Pyotr Kalugin:
“Hörmətli cənab Prezident, Sizin kimi müdrik və ağıllı rəhbərimiz olduğu üçün sadə Azərbaycan vətəndaşı olaraq qürur duyuram və gördüyünüz işlərə görə Sizə səmimi qəlbdən minnətdarlıq bildirmək istəyirəm. Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz. Ölkə rəhbərimizin Sizin kimi müdrik siyasətçi olması hamının ürəyincədir. Siz həm də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısınız. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy uca Allah Sizi bütün çətinliklərdən qorusun!”.
Zaqatala rayonundan Həsən Ömərov:
“Hörmətli cənab Prezident, koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxanalar istifadəyə verildi. Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik”.
Abşeron rayonunun Xırdalan qəsəbəsindən Larisa Ağayeva:
“Hörmətli cənab Prezident, Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı hadisələrin gedişini təsəvvür etmək belə istəməzdim. Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz. Mən və həyat yoldaşım koronovirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik. Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır. Biz Sizin sayənizdə sağalaraq artıq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.
Ağcabədi rayonundan Reyhan Ağayeva dövlətimizin başçısına minnətdarlığını bu fikirlərlə ifadə edir:
“Möhtərəm cənab Prezident, 26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz. Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar. Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq”.
Masallı rayonunun Qarğalıq kəndindən Ramil Əliyev:
“Çox hörmətli cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını çox layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir. Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda, həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin”.
Salyan rayonunun Qarabağlı kəndindən tələbələr Ümid Alxanov və Nurlan Paşayev yazırlar:
“Hörmətli cənab Prezident, biz Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda, tələbələr olaraq Sizə minnətdarıq. Hazırda bir çox ölkələr COVID-19 infeksiyasından çox əziyyət çəkir. Sayənizdə Azərbaycanda bu virusun təsir dairəsi digər ölkələrlə müqayisədə o qədər də çox deyildir. Biz gənclər yaxşı başa düşürük ki, qaydalara əməl etməklə bu bəlanın qarşısını az itki ilə ala bilərik. Bu çətin dövrdə sosial məsələlərə diqqəti daha da artırmağınız, xüsusilə həssas ailə qrupuna aid olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi sevindirici haldır. Belə addımlar gənclərdə Vətənə, dövlətə olan məhəbbəti daha yüksəldir. Əziz Prezidentimiz, taleyüklü məsələlərdə hər zaman xalqımızın yanında olduğunuza və köməyinizi əsirgəmədiyinizə görə Sizə dərindən təşəkkür edirik. Allah hər zaman köməyiniz olsun”.
Gəncə şəhərindən Hökümə Cəfərova:
“Hörmətli cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız, Mehriban xanım Əliyevanın COVID-19 infeksiyası ilə bağlı həmvətənlərimızə müraciəti bir daha sübut etdi ki, biz sabaha, rifaha doğru böyük ümidlərlə addımlayırıq. Çünki Azərbaycan xalqının arxasında güclü siyasətçi olan Prezident İlham Əliyev durur. Biz də xalq olaraq Sizi dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq. Sizə minnətdarlığımızı bildiririk”.
Zaqatala rayonundan Bəxtiyar Heraçiyev:
“Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanın ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq”.
Bakı şəhərinin Pirallahı rayonundan Anar Abasəliyev:
“Hörmətli cənab Prezident, Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz. Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanı davamlı şəkildə inkişaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, Allahın izni ilə və Sizin gördüyünüz tədbirlər sayəsində xalqımız bu bəladan qurtulacaq. Yaşasın Azərbaycan!”.
Salyan rayonunun Quyçu və Alçalı kəndlərindən Ş.Zeynalov, Ə.Yolçiyev, R.İmanov, X.İsmayılov və V.Quliyev yazırlar:
“Möhtərəm cənab Prezident, Salyan rayon sakinləri, o cümlədən Quyçu və Alçalı kənd ictimaiyyətinin üzvləri Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Son illər bizim kəndlərdə çiçəklənmə dövrü başlayıb, məişət qayğılarımız xeyli azalıb. Artıq kənd sakinləri elektrik enerjisindən, təbii qazdan və içməli sudan fasiləsiz istifadə edirlər. Sizin Salyan rayonuna, salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik. Görülən işlər bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz. Bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq”.
Bakı şəhərindən Azad Kərimov:
“Hörmətli cənab Prezident, bütün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər bir vətəndaş olaraq məni olduqca qürurlandırır. Xüsusilə, karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi təqdirəlayiq haldır. Mən ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə təşəkkürümü bildirirəm”.