14 İyul 2020 12:45
4 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Tovuz rayonu istiqamətindən hücumu və dünən Naxçıvanın Culfa və Şahbuz rayonları istiqamətində mövqelərimizə atəş açması atəşkəsin pozulması deyil. Bu fakt Azərbaycana qarşı təcavüz, müharibə başlatmaqdır. Çünki atəşkəs Qarbağ münaqişəsi ilə bağlı məsələdir. Digər ərazilərimizdən olan hücum isə Ermənistanın yeni təxribatı və müharibə cəhdidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

o, ATƏT-in Minsk qrupu, BMT və MDB-nin baş verənlərə susqunluq nümayiş etdirməsinin təssüf hissi yaratdığını bildirib:

“Faktiki olaraq, Ermənistan Azərbaycana elan olunmamış müharibəyə başlayıb. Eynən faşistlər kimi. Sərhədlərimizi pozmağa cəhd edir. Daxildə və xaricdə olan “5-ci kolon” isə təxribatla, informasiya təxribatıyla məşğuldur. Müqavimət və mübarizə alnımıza yazılıb.

Ermənistanın sələflərindən fərqlənməyən diktator baş naziri Paşinyan öz hakimiyyətini qorumaq, Ermənistandakı daxili inqilabi situasiyanı önləmək üçün müharibə taktikası seçir. Təcavüzkarın öz adı ilə çağırılmaması onlara ruh verir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, BMT Ermənistana qarşı sanksiyalar haqqında qərar qəbul etməlidir. Çünki Ermənistanın döyüş başlatdığı ərazinin Qarabağa aidiyyatı yoxdur”.

Rəfail Becanov qeyd edib ki, Qarabağdan yüz kilometrlərlə uzaq bir ərazidə döyüş başlatmaq Azərbaycan torpaqlarına təcavüz, bir dövlətin başqa bir dövlətə qarşı elan edilməmiş müharibəsidir: “Ermənistan atəşkəsi pozmayıb, Ermənistan Azərbaycana elan edilməmiş müharibə başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu