16 İyul 2020 15:01
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media eksperti, professor Qulu Məhərrəmli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qulu müəllim, iyulun 12-dən sərhəddə Ermənistan tərəfinin hazırladığı təxribat günlərdir əsas müzakirə mövzusudur. Bu gərginliyin içərisində şəhidlərlə vida törənlərində, eləcə də gecə baş verən aksiyada jurnalsitlərin fəaliyyəti zaman-zaman qınandı. Sizcə, media cəbhədəki olaylara münasibətdə adekvat fəaliyyət göstərirmi?

- Ümumiyyətlə, bizim jurnalistlərin ekstremal şəraitdə işləmək təcrübəsi azdır. Bu, birbaşa peşəkarlıqla bağlı olan sahədir. Digər tərəfdən jurnalistikada ixtisaslaşma deyilən bir tendensiya var, bu da zəif gedir. Yəni siyasətdən, mədəniyyətdən yazan media nümayəndələri var, amma ekstremal şəraitdə hadisələri işıqlandıran jurnalistlərimiz azdır. Barmaqla sayılacaq qədər bir neçə professional jurnalistlərimiz var, onlar təlimlər keçib, Türkiyədə təhsil alıblar, müəyyən mühit görüblər.

Amma konkret şəraitdə nəyi işıqlandırmaq olar, nəyi olmaz, necə davranmaq lazımdır, hansı şəkil verilə bilər və sair - bunları yaxşı bilən jurnalistlərin sayı çox deyil.

Ümumiyyətlə, budəfəki məlumatlandırma işində Müdafiə Nazirliyinin informasiya idarəsinin fəaliyyətini üstün hesab edirəm. Onlar dərhal və davamlı açıqlamalar verdilər, müəyyən nüansları göstərdilər, hətta sosial şəbəkə üçün yaddaş hazırladılar, media üçün də müəyyən təlimatlar yaydılar. Bütün bunları müsbət dəyərləndirirəm.

Bütövlükdə isə cəbhədəki vəziyyətlə dəfn mərasimlərində olan məqamları bir-birindən fərqləndirərdim. Birincidə daha çox dəqiqlik, ehtiyat, xüsusi bilik, ikincidə isə emosiyaları tənzimləmək tələb olunur. Bunların hər ikisində də təəssüf ki, həmkarlarımız lazım olan ölçünü gözləyə bilmirlər. Sosial şəbəkə üçün material qoymaq bir başqadır, qəzet, sayt, eləcə də televiziya üçün material hazırlamaq tamam başqa... Hesab edirəm ki, bu da zamanla düzələcək. Amma arzulayardım ki, jurnalistlər öz üzərlərində çalışsınlar və redaksiyalar ixtisaslaşma məsələsinə diqqət yetirsinlər.

- İddialar səslənir ki, xüsusən canlı yayımlarda koordinatlar göstərilib deyə sərhəddə vəziyyət daha da gərginləşib...

- Bunu dəqiq və detallı deyə bilmərəm. Aydındır ki, informasiya müharibəsi getdiyi şəraitdə hər bir söz, hər bir kadr düşmən tərəfdə də izlənilir, təhlil olunur, müəyyən mülahizələr yürüdülür. Amma o hücumların birbaşa canlı yayımlarla bağlı olduğunu düşünmürəm. Bu, yaxşı hazırlanmış, arxasında başqa bir dövlətin dayandığı və Ermənistanın Azərbaycanı təxribata çəkməyə çalışdığı bir situasiyadır.

Biz çox sevinirik ki, bu böhranda Azərbaycan özünü çox yetkin və lazım olan səviyyədə apara bildi. Cəmiyyətimiz ordunun güclənməsi, zabit və əsgərlərin ruh yüksəkliyinin möhkəmləndirilməsi üçün çalışmalıdır. Təbii ki, media da bu məsələlərə xüsusi diqqət yetirməlidir.

- Vida mərasimində jurnalistlərin şəhidin ailə üzvlərinə ünvanlandığı suallar da qıcıq yaradıb. Təkliflər səslənir ki, jurnalistlər də həkim və ya müəllimlər kimi attestasiyadan keçsinlər. Sizcə buna gərək varmı?

- Belə situasiyaların işıqlandırmağın xüsusi qaydaları var. Biz təlimlərdə bunu gənc jurnalistlərə öyrədirik. Atası şəhid övlada, yaxud oğlu ölmüş anaya və ataya nə sual verərlər ki?! Burada etik, psixoloji məsələlər var, jurnalistlər bunu nəzərə almalıdırlar.

Hesab edirəm ki, jurnalistlər belə situasiyaları işıqlandırmağın standartlarını öyrənməlidirlər. Bir sayt və ya bir televiziya jurnalisti hansı kriteriyalarla işə götürürsə, onu özü bilir. İşə götürülsə belə, ona incəlikləri, qaydaları öyrətmək lazımdır. Bunun üçün də təlimlərdən, kurslardan, universitetdən, mütəxəssislərdən və kitablardan öyrənmək lazımdır.

- 30 ildir müharibə edən Azərbaycanda hərbi jurnalistika reklam və sponsor gətirən sahə olmadığından stimullaşdırılmayıb. Necə düşünürsüz, doğrudanmı Azərbaycanda hərbi jurnalistika inkişaf etməyib?

- Bu, bir az konseptual məsələdir. Əlbəttə, hərbi jurnalist olsaydı, yaxşı olardı. Amma ən əlverişli yol jurnalistlərin ixtisaslaşmasıdır. Jurnalistika fakültələrində yuxarı kurslarda mədəniyyətdən, siyasətdən, iqtisadiyyatdan, idmandan yazan tələbələr ixtisaslaşdığı kimi, hərbi mövzuları, ekstremal şəraiti işıqlandırmaq üçün ixtisas açıla bilir.

Ən yaxşı yollardan biri təlimlərdə iştirak etməkdir. Dinc Dünya Araşdırmalar Mərkəzinin qurucusu Əlisəfa Mehdiyev ekstremal şəraitdə işləyən jurnalistlər üçün davamlı təlimlər keçir. Hər dəfə 25-30 nəfər tələbə və media nümayəndələri iştirak edirlər. Hesab edirəm ki, bu cür təlimlər yerli mediaya müəyyən şeylər verə bilər.

- Düşmən tərəfi itki verəndə hərbçinin ölümü necə yazılmalıdır - öldürüldü, məhv edildi, zərərsizləşdirildi və ya həlak oldu?

- Beynəlxalq standartlar nifrət leksikasını qəbul etmir. Adətən, informasiya mənbəyi Müdafiə Nazirliyinin məlumatlarında “məhv edildi” ifadəsi işlədilir. Bu, hərbi dildir. İnformasiyanı oxucu üçün hazırlayırıq. Bu baxımdan hesab edirəm ki, saytlar informasiyanı verəndə burada yer verilən ifadələri həssaslıqla seçilməlidir, çünki önəmlidir.

İdmanda da bunu müşahidə edirik. Tutaq ki, Azərbaycan Ermənistan idmançıları qarşılaşanda belə bir ifadə işlədilir ”filan komandanı darmadağın elədi”, yaxud “yerlə yeksan elədi”. Bu, hərbi terminologiya idmanda da işlədilir.

Müharibə şəraitində işlənən terminlərin xüsusi bir standart yoxdur. Ən yaxşısı Müdafiə Nazirliyi informasiyanı hansı şəkildə verirsə, medianın da o formada verməsi daha məqbuldur.

- Qəbul etmək lazımdır ki, müharibə şəraitində müəyyən qadağalar tətbiq edilməlidir. Ancaq bəzən onsuz da yayılacaq məlumatları Müdafiə Nazirliyi gec təsdiqləyir. Bu isə jurnalistlərin narazılığına səbəb olur. Sizcə, məsələ necə tənzimlənməlidir?

- Xüsusi şərait olduğuna görə redaksiyaların nümayəndələri Müdafiə Nazirliyi ilə sıx işləməlidirlər. Əlbəttə, Müdafiə Nazirliyi inandığı, tanıdığı jurnalistlərə fərq qoyur. Bir var, tanıdığı, bir də var ki, heç tanımadığı, adını belə eşitmədiyi jurnalist və ya media qurumu. Bu zaman Müdafiə Nazirliyi media qurumunun fəaliyyət istiqamətini dəqiqləşdirməyə çalışır.

Hesab edirəm ki, mütləq araşdırma aparılıb məlumat verilməlidir. Çünki istənilən hər kəs telefonu götürüb zəng edə bilir. Əgər məlumat şübhə doğurursa, təbii ki, müəyyən müddət araşdırma aparılmalıdır. Ümumiyyətlə, tək Müdafiə Nazirliyi yox, bütün dövlət qurumları bizim üçün informasiya mənbəyidir və biz bu mənbələrlə davamlı, səmərəli işləməliyik.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər