Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu nəticəsində düşmən Tovuz rayonu istiqamətində itki verərək geri oturduldu.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, iyulun 12-də günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən bölmələrimizin mövqelərini atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəd bölgəsində yerləşən kəndlər də atəşə məruz qaldı. Düşmən bölmələri əvvəlcə yüngül atıcı silahlardan atırdılarsa, sonradan iriçaplı silahlardan 60, 82 və 120 millimetrlik minaatanlardan istifadə olundu. Növbəti günlərdə bu silahların çapı və ağırlığı dəyişərək artilleriyadan istifadə edilməyə başlandı.
“Tovuz istiqaməti, bizim daimi nəzarətimizdə olan və daim gündəmdə olan, cəbhədə baş verən atəşkəs rejiminin pozulması prosesində tam nəzərdə saxlanılan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərimizdən xeyli məsafədə yerləşir. Düşmənin bu istiqamətdə aktivləşməsinin bir neçə səbəbi var. Bunlar hərbi və siyasi məqamlardır. Amma əsas amillərdən biri də Ermənistanda hakimiyyətdə olan klanın dayaqlarının sarsılmasıdır. Xatırlayırsınızsa, Nikol Paşinyanın oğlunun təmtəraqla Dağlıq Qarabağa, işğal olunmuş ərazilərimizə xidmətə göndərilməsi məsələsi var idi. Onun həmin əraziyə göndərilərək orada həqiqətən də xidmət etməsi sual altındadır. Onun adının orada xidmət edənlər arasında olmasına baxmayaraq, özü evində “xidmət” aparırdı. O, heç Yerevandan kənara çıxmırdı. Ancaq Paşinyanın oğlu hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra bu istiqamətdə hadisələr baş verdi. Burda bir məqama da toxunmaq istərdim ki, N.Paşinyanın özünün hakimiyyətinin laxlaması prosesi baş verir. Başqa bir məqam isə Ermənistanın bu istiqamətdə yerləşən bölmələrində hərc-mərcliyin, orduda intizamsızlığın olmasıdır. Ermənistan bu istiqamətdə təxribat törətməklə vəziyyəti genişmiqyaslı döyüşlər həddinə çatdırdı”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi bildirib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Ordusu komandanlığının ehtimal olunan hər bir vəziyyətə dair döyüş hazırlığı üzrə planları var. Bu istiqamətdə yerləşən bölmələrimiz düşmənin fəaliyyətinin qarşısını dərhal almağa hazır idilər və bunu yerinə yetirdilər. Bəzi KİV-lərdə, sosial şəbəkələrdə məlumatlar yayılmışdı ki, guya hansısa mövqelər itirilmişdir, geri çəkilmələr olmuşdur. Bu məlumatların heç biri həqiqətə uyğun deyil.
“Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Azərbaycan Ordusunun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bu istiqamətdə yerləşən bölmələrimizin yüksək hazırlığı Ermənistan silahlı bölmələrinin qarşısını sərt şəkildə aldı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar onu itki verərək geri çəkilməyə məcbur etdi”, - polkovnik Vaqif Dərgahlı vurğulayıb.