16 Sentyabr 11:10
477

"Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətlərimiz üçün dağıdıcı nəticələri nəzərə alaraq məktəbləri bağlamaq qərarı son çarə olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, koronavirusa yoluxmaların 10 faizdən azı, virusla əlaqəli ölümlərin 0,2 faizdən aşağısı 20 yaşınadək insanlarda rast gəlinir:

“Koronavirusun uşaqlara necə təsir etdiyini anlamaq epidemiya başlayandan bəri prioritet məsələdir. Ötən 9 ayda çox suallar ortaya çıxıb. Bir şey aydındır ki, uşaq və yeniyetmələr virusa yoluxa və başqalarına da yoluxdura bilərlər. Bu virusun uşaqları öldürə biləcəyini də bilirik, ancaq infeksiyanın uşaqlarda daha yumşaq olacağını, uşaq və yeniyetmələr arasında COVID-19-dan çox az sayda yoluxma və ölüm hadisəsi olduğu da məlumdur.

Uşaqlar və gənclər arasında COVID-19 xəstəliyi və ölüm riskini artıran amillər üzərində daha çox araşdırmaya ehtiyac var" .

Baş direktor uşaqların məktəbə qayıtmasını hamının istədiyini deyib: “Bir cəmiyyətdə koronavirusun yayılma riskini azaltmaq üçün görülən tədbirlər məktəblərdəki riski də azaldacaq. Bəzi ölkələrdə məktəblər yenidən açılıb, bəzi ölkələrdə hələ də bağlıdır. Məktəbləri bağlamaq qərarı son çarə olmalıdır.

Uşaqların məktəbdə və təhlükəsiz vəziyyətdə qalması tək məktəblərin, hökumətin və ya ailələrin işi deyil. Birlikdə işləmək hamımızın işidir".


Müəllif: Yeganə Oqtayqızı