27 Sentyabr 2020 18:58
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

Fərmanda qeyd olunub ki, Konstitusiyanın 109-cu və 111-ci bəndləri nəzərə alınaraq sentyabrın 28-də gecə saat 12-dən etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.

“Hərbi vəziyyət haqqında” Qanuna əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saat elan edilir. Komendant saat dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan bayıra çıxması qadağan edilib.

Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb. Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək.

Müvafiq icazələrin alınması “ASAN Xidmət” mərkəzlərindən və Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər