Gürcüstandan Ermənistana yanacaq daşıyan qatarların hərəkətinə qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
“Müharibə günlərində qonşumuz Gürcüstan Ermənistana qarşı çox qəribə bir davranış nümayiş etdirir. Bir tərəfdən həm Azərbaycana, həm də Ermənistana verilən hərbi yüklərin Gürcüstan ərazisindən keçməsini qadağan edir, digər tərəfdən İsrail təyyarələrinin (çox güman ki, silah-sursat daşıyır - "Hraparak") Gürcüstan ərazisindən Azərbaycana uçduğunu görürük.
Həmçinin bu günlərdə Gürcüstandan Ermənistana vacib yüklərin daşınmasına maneələr var. Artıq bir neçə gündür ki, Gürcüstan limanlarından Ermənistana yanacaq çənlərinin daşınmasına icazə verilmir", deyə qəzet yazır.
Qeyd olunur ki, Gürcüstan tərəfi bunu birbaşa qadağan etmir, amma maneələr var. "Gün ərzində yalnız 2-3 qatar Ermənistana çətinliklə çatır ki, bu da müharibə şəraitində çox az rəqəmdir” - Hraparak" yazır.
Qəzet Ermənistanda yanacaq çatışmazlığının yaşandığını və bunun ordunun gücünə mənfi təsir göstərdiyini yazır.