Ermənistanın baş naziri Nikol Paşinyan yenidən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə danışıb. O iddia edib ki, sözügedən qətnamələr Ermənistandan heç nə tələb etmir.
Teleqraf.com bu səbəbdən sözügedən qətnamələrin mahiyyəti, tələbləri haqda xatırlatma verməyi zəruri hesab edir.
Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair indiyədək qəbul edilmiş ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bəri başdan deyək ki, bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir. Paşinyanın nə deməsindən asılı olmayaraq bu, birmənalı tələbdir. İndi isə hər bir qətnamənin mahiyyəti üzrə təhlil etməyə çalışaq.
Beləliklə, 822 saylı qətnamə 30 aprel 1993-cü ildə – Kəlbəcər rayonunun işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir.
29 iyul 1993-cü ildə qəbul olunan 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamdan və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin, 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.
14 oktyabr 1993-cü ildə qəbul olunan 874 saylı qətnamə tərəflər arasında atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin, əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.
Nəhayət, BMT Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü ildə qəbul etdiyi 884 saylı qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb olunur.
Göründüyü kimi, BMT Təhlükəszilik Şurasının 4 qətnaməsi işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu qətnamələri başqa cür implementasiya etmək isə Ermənistanın avantürist baş nazirinin xislətindən irəli gəlir.