15 Oktyabr 2014 17:04
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Qurbanlı: “Müqayisəedilməz dərəcədə böyük təcrübəyə malikik”

“Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır. Partiyamızın bütövlükdə seçki ilə bağlı fəaliyyəti həmişə müsbət nəticələr verib. Yerli strukturlarımız da seçki hazırlığı ilə bağlı mütəmadi olaraq fəaliyyət göstərməkdədir. Məşhur bir deyim var ki, “seçki kampaniyasına seçki bitən günün səhərisi başlamaq lazımdır”. Yəni bu prosesə seçkidən seçkiyə deyil, daim seçki hazırlığı ilə bağlı işlər görülməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP seçki məsələlərində ölkədəki istənilən siyasi partiyalardan müqayisəedilməz dərəcədə böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, YAP-ın seçki taktikasının ən mühüm xüsusiyyətlərindən biri odur ki, bu taktikada müasirlik önəmli yerlərdən birini tutur. Belə ki, müasir dünyada ayrı-ayrı ölkələrin seçki təcrübəsi öyrənilir və həmin təcrübədən səmərəli istifadə olunur.

“Biz ötən il ölkədə cənab İlham Əliyevin yüksək səviyyədə keçirilən seçki kampaniyasında iştirak etdik. Partiyamızın lideri ötən ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazandı. Təbii ki, bu kampaniyadan sonra qarşımızda bələdiyyə seçkilərinə hazırlıq dayanırdı, növbəti ildə isə parlament seçkiləri keçiriləcək. Bəzi siyasi təşkilatlar isə seçki hazırlığını məhdud çərçivədə həyata keçirdikləri üçün uğursuzluğa düçar olurlar. Bunu da ört-basdır etmək üçün müxtəlif uydurmaları gündəmə gətirirlər” – deyə, YAP icra katibinin müavini vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, YAP-ın gücü milli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı olmasındadır, bu ideyalar və onun müəyyən etdiyi prinsiplər yalnız sözügedən partiyaya deyil, xalqa xas olan ideyalardır. Partiyanın gücünün, həmçinin, prezident İlham Əliyev kimi liderinin olması ilə əlaqələndirən M.Qurbanlının fikrincə, YAP-ın peşəkar kadr potensialı da bu məsələdə ciddi rol oynayır. Azərbaycanda güclü dövlətçilik prinsiplərinin mövcud olduğunu qeyd edən YAP icra katibinin müavini deyib ki, bu prinsiplərə söykənən partiyanın seçkilərdə uğur qazanması təbiidir.

“Bilirsiniz ki, partiya rəhbərliyi tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qanunvericiliyə uyğun olaraq seçki hazırlığı işləri davam etməkdədir. Seçkilərdə gənclərin və qadınların namizədliyinə üstünlük verilməsi nəzərdə tutulur. Bütövlükdə, YAP-n icra katibliyi, idarə heyəti və siyasi şurası müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər edib. Biz bələdiyyə seçkilərində böyük uğur qazanacağımıza inanırıq” – deyə, M.Qurbanlı vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər