Sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən həm təhsil müəssisələriənə, həm də mülki əhaliyə qarşı hücumlar qeydə alınıb. Bu səbəblə hazırda 40 məktəbə zərər deyib, bir neçə məktəb binası isə raket atəşinə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Nəticə etibarilə bir çox bölgələrdə 1221 təhsil müəssisəsi distant təhsilə keçib. Ermənistanın təcavüzü nəticəsində 3 şagird vəfat edib, 15 şagird müxtəlif dərəcəli xəsarətlər alıb.
Məktəblilərə, məktəblərə, təhsil işçilərinə qarşı törədilən cinayətlər cavabını almaqdadır. Şad xəbərlər eşidirik və davamlı olmasına inanırıq. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuz qısa zamanda torpaqları işğaldan azad edə biləcək. Yaşadığımız günlər xalqımız üçün tarixi əhəmiyyət daşıyan dövrdür".
Nazir qeyd edib ki, digər ölkələrdə koronavirusun ikindi dalğası müşahidə olunur: "Payız mövsümü ilə əlaqədar yoluxmanın artması gözlənilirdi. Nəzərə alaq ki, biz həm də müharibə şəraitindəyik. Təhsil müəssisələrindəki vəziyyətlə bağlı ictimaiyyətə məlumat verilmişdi.
Son günlər ərzində 10-15 məktəbi bağlamaq məcburiyyətində idik. Müəllimlər arasında yoluxma halları artdıqda məktəbi, şagirdlər arasında olduqda isə sinfi bağlayırdıq.
İnanıram ki, qarşıdakı 2 həftə ərzində tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxma dinamikasına nəzarət edə biləcəyik. Noyabrın 2-dən başlayaraq dərslərin davam etdirilməsi haqqında danışmaq üçün tezdir".