İşğaldan azad olunmuş ərazilərimizdə erməni silahlı birləşmələrinin törətdikləri müharibə cinayətlərini sübut edən çox əhəmiyyətli faktlar aşkara çıxır və gələcəkdə də aşkara çıxacaq. Bu yaxınlarda Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində ermənilərin gizli narkolaboratoriyasının izlərinin aşkarlanması, eləcə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində istifadəsində olan binaya baxış zamanı üzə çıxarılmış bəzi sənədlər çox əhəmiyyətlidir və Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini sübuta yetirmək üçün əvəzsiz materiallardır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, müharibə başlayandan Azərbaycanın ən çox ittiham olunduğu məsələlərdən biri guya bizim tərəfimizdə Türkiyə vasitəsilə Suriyadan gətirilmiş muzdlu döyüşçülərin vuruşması ilə bağlıdır:
“Bu məsələnin Azərbaycanın dövlət başçısı səviyyəsində dəfələrlə inandırıcı formada təkzib olunmasına baxmayaraq, hələ də Ermənistan və onu himayə edən bəzi qüvvələr bu “fakt”dan bərk-bərk yapışmağa davam edirlər. Hətta dövlət başçımız bir neçə dəfə təəssüf hissi ilə qeyd edib ki, Azərbaycana qarşı bu əsassız ittihamı irəli sürənlər arasında ATƏT-in Minsk qrupunun iki həmsədrinin – Fransa və Rusiyanın rəsmi şəxsləri də var.
Bax, bu yaxınlarda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin üzə çıxardığı belə faktlar, Suriyadan gətirilmiş şəxslərin işğal olunmuş ərazilərimizdə məskunlaşdırıldığını təsdiqləyən pasportlar, siyahılar bir daha sübut edir ki, Ermənistanın havadarları Azərbaycana qarşı çox qərəzli mövqe tuturlar.
İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı aşkar olunan bəzi sənədli materiallar bir daha sübut edir ki, Qarabağda qanunsuz köçürmə siyasəti ilə məşğul olan, həmçinin, muzdlulardan istifadə edən Ermənistanın özüdür. Bu siyasəti Ermənistanla bərabər təəssüf ki, onun havadarları da ört-basdır etməyə çalışırlar”.
Aydın Quliyev əmin olduğunu bildirib ki, hələ çox belə faktlar üzə çıxacaq:
“Təkcə Zəngilanda yox, Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərində də xaricdən gətirilən ermənilərin məskunlaşdırıldığını sübut edən belə faktlar aşkarlanacaq. Əslində 2013-cü ildən başlayaraq işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma və təlim düşərgələrinin salınması ilə bağlı informasiyalar dolaşırdı. Bu gün artıq həmin informasiyalar bizim üçün havadan asılmış informasiyalar deyil və onların arxasında onları sübut edən real faktları üzə çıxarırıq. Bu faktlar Ermənistanın müharibə cinayətlərinin beynəlxalq məhkəmə təhqiqatlarında ifşa edilməsində və əsaslandırılmasında böyük rol oynayacaq”.
Qeyd edək ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Həmçinin, Suriya vətəndaşı, 02.05.1964-cü il təvəllüdlü, bu ölkənin Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), Suriya vətəndaşı, 12.11.1969-cu il təvəllüdlü, Hələb şəhər sakini İskandarian Hartion Avadis (pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkinin (pasport: AM 0709227) adına verilmiş pasportların surətləri də aşkarlanıb.
Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.