17 Oktyabr 2014 23:47
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Parlamentində işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən qondarma rejim üzrə “qrup”un yaradılması məsələsinə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev mətbuata açıqlamasında deyib ki, kütləvi informasiya vasitələrində verilən məlumata görə bu ilin oktyabrın 15-də Avropa Parlamentində ermənipərəst deputatlar Frank Engel və Eleni Teokarus tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üzrə “qrup” yaradılıb.

Onun sözlərinə görə, hər hansı rəsmi statusa malik olmayan və Ermənistan və erməni diasporunun təsiri altında olan bu şəxslərin özfəaliyyəti nəticəsində bu “qrup”un yaradılması Avropa Parlamentinin 23 oktyabr 2013-cü il və 17 aprel 2014-cü il tarixli qətnamələrində ifadə olunmuş Azərbaycan və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün birmənalı dəstəklənməsinə dair mövqeyinə tamamilə ziddir.

H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar Avropa Parlamentinə sorğu edilib:
"Avropa Parlamentindən verilən məlumatda sözügedən məsələnin olsa-olsa Avropa Parlamenti daxili qrup (inter-group) ola biləcəyi ehtimal edilərək, bunların da Avropa parlamentində səsvermə yolu ilə yaradılmadığı təsdiq olunmuşdur.

Bu bir daha ona dəlalət edir ki, bu “qrup” yalnız Avropa Parlamentində Ermənistan və erməni diasporunun təsiri altında olan bəzi şəxslərin özfəaliyyətinin nəticəsidir".


Müəllif:

Oxşar xəbərlər