Şuşa Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Ramiq Məhərrəmov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ramiq doktor, artıq Şuşanın işğal tarixi silindi. Zəfər xəbərini necə qarşıladınız?
- Şuşanın işğaldan azad olmasını Konstantinopolun (İstanbul) fəthinə bənzədirəm. Bilirdim ki, nə vaxtsa azərbaycanlılar Şuşaya qayıdacaq. Amma onların hansı şəraitdə ora gedəcəklərini təsəvvürümə gətirmirdim. Biri var, uşaq dərsdən qaça, valideyn onu üz qaralığı ilə gətirə məktəbə. Biri də var, valideyn respublika olimpiadasında birinci yer tuta övladını qürurla gətirə. Biz Şuşaya qürurla qayıdacağıq.
1996-cı il may ayının 6-da bir qrup Şuşa və Laçın ziyalıları Ulu Öndər Heydər Əliyevin qəbulunda olduq. Qəbulda Şuşada necə döyüşdüyümüzü, şuşalıların vətənini necə tərk etmələri barədə çıxış etdim. Çıxışımdan sonra Ulu Öndər dedi ki, Şuşa podnosda verilməyib, döyüşlə verilib. Sözümün yekununda dedim ki, Şuşanı kim işğaldan azad eləsə, Azərbaycan tarixində həmin adamın adı qalacaq. Heydər Əliyevə tarixdə onun adının qalmasını çox istədiyimi demişdim.
Bu gün İlham Əliyev Ali Baş Komandan olaraq həm xaricdən, həm daxildən olan təsirlərə sinə gərir. Xarici mətbuat orqanlarının Prezidentdən aldığı qərəzli müsahibələrin hər biri diplomatik uğurdur. Bu müsahibələrə dəfələrlə qulaq asırıq. Cənab Prezident hər dəfə də qarşısındakı jurnalistə nəzakət göstərir. Bu gün şadam ki, mənim o vaxt dediyim arzum həyata keçib. Bu gün tarixi qələbəmizdə həm Heydər Əliyevin, həm də İlham Əliyevin adı çəkilir. Qalib İlham Heydər oğlu Əliyevdir və onun bütün əməlləridir. Şübhəsiz ki, hər kəs bu qalibiyyətdə zəhmət çəkib. Amma bu zəhməti bir məcraya salan İlham Əliyev olub.
Elə bir məqam yetişdi ki, spektrə lazım olan bütün rənglər cəmləşdi. Ona görə də Qarabağın işğaldan azad olunması ziyası alındı. Fikir yürütmək, söz demək çox çətindir. Hələ illər keçəcək, tarix ən tez 10 ildən sonra öz əksini tapacaq. Bu, bizdən ötəri çox tezdir. Hələ biz bu qalibiyyəti bilmirik. Gələcək bunu dəyərləndirəcək.
- Doktor, bu zəfər günlərində sizi kövrəldən nə oldu?
- Mən çox möhkəm insanam. Atam rəhmətə gedəndə gözümdən yaş çıxmadı. O vaxt atam Şuşanın icra başçısının rəhbəri idi və onun bütün yükü üzərimə düşmüşdü. Çox şey itirmişəm, amma gözümdən yaş çıxmayıb. Amma ötən gün bir fotoşəkilə baxdım. Ata şəhid olub, oğlu dünyaya gəlib. O oğula atanın adını veriblər və doğum evinin işçiləri uşağı xəstəxanadan Azərbaycan bayrağına büküb çıxardılar. Bu görüntüləri görəndə gözümün yaşını saxlaya bilmədim. Əlbəttə, qəhrəman olmaq o uşağın borcudur.
Yaşamaq hüququ hər kəsdə var. Amma əsgər o yaşamaq hüququndan keçir ki, düşməni məğlub etsin. Millətlər içində başımızı dik tutmağa imkan var.
Uzun müddət Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü olmuşam. Müxtəlif səfirliklərə olmuşuq, rəsmi danışıqdan sonra onlar bizə deyiblər ki, niyə hərəkət etmirsiz? Yəni onlar bizi zəif, öz hüququnun arxasınca getməyən bir dövlət kimi dəyərləndirirdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərimiz olub. Minsk qrupunun üzvləri dünyanın aparıcı dövlətindən biridir. Ermənilərə silahla elə bunların ciblərinin hesabına təmin olunur.
Kasıb bir ölkə bu qədər silahı haradan tapır? Bu gün işğaldan azad olunan torpaqlarda 8-10 metr dərinliyində beton səngərlər dağıdılır. Özünə belə bir istehkam quran erməni danışıqlar yolu ilə Azərbaycana torpaq verəcəkdimi? Təbii ki, yox. Hərb yolu mütləq idi.
- Şuşanın indiki vəziyyəti ilə bağlı yayılan videolardan, şəkillərdən şəhərin əvvəlki görkəmindən əsər-əlamətin qalmadığını görmək olur. Şəhərdə ən çox sevdiyiniz yer, abidə hansı idi?
- Şuşada ən çox sevdiyim bina Hacı Quluların imarəti olub. Təxminən hər mərtəbəsində 30-40 otaq olan binada Qarabağ ipək fabrikinin filialı yerləşirdi. Binanın möhtəşəmliyi, əzəməti bir yana, sütun daşlar polad dəmirlərlə, digər daşlar isə qurğuşunlarla bir-birinə birləşdirilmişdi. İranda da bu üslubda tikilmiş bir məscid var. Zəlzələdə onun minarələri yerindən oynasa da, dağılmır. Şuşa seysmik zonada yerləşir. Dəfələrlə şəhərdə 6.5-7 bal gücündə zəlzələ olub. Bu zəlzələlərin hamısında bina yerindən oynayıb, amma heç suvağı da tərpənməyib. Erməni bu cür möhtəşəm binadan bir pilləkən saxlayıb.
1968-cı ildə Polşanın Krakov şəhərinə getmişdim. Oradakı muzeydə işğaldan əvvəl və sonrakı şəkillər sərgilənirdi. Almanlar oranı işğal edəndən sonra sovet ordusu şəhəri dağıdıb çıxıblar, necə ki erməni faşistləri ediblər. Sonra onlar şəhəri olduğu kimi bərpa ediblər. Bəlkə də Şuşada sovet vaxtı tikilən binaları yenidən tikib əhaliyə verərlər. Hesab edirəm ki, digər tarixi binalar da bərpa ediləcək. Çünki Şuşa qoruq şəhəri idi, təxminən 280-ə yaxın memarlıq abidəsi var idi.
- Şuşada ilk gedəcəyiniz yer hara olacaq?
- Şuşaya qədəm qoysaq Yuхarı Gövhər ağa məscidinə gedib orada ziyarət namazı qılmaq fikrim var. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikdilər. Həmin məscidin təməlinin qoymasında iştirak edən şuşalılardan biri də mən idim. Əvvəlcədən hara getdiyimi bilirdiyim üçün Şuşa məscidindən götürdüyüm torpağı da cibimdə aparmışdım. Həmin məscidin minarəsində doğrudan da Şuşadan bir nişanə var. İndiyə qədər Şuşa ilə yaşamışıq, başqa şey fikirləşməmişik.
- Bu gün arzularınız nədir?
- Noyabrın 11-də 73 yaşım tamam olacaq. Allaha çox şükür, 73-cü yaşımı azad Şuşa ilə qeyd edəcəm. Yurd yerlərimiz azaddır. Təbii ki, ilahinin verdiyi bir ömür də var. Dua edirəm ki, atamın məzarını bərpa edə bilim.
Əslimiz Şuşanın Malıbəyli kəndindədir, atamı da orada dəfn etmişik. İndi ermənilər oraları yerlə yeksan edib. Amma mən gedib qəbrin yerin tapmalıyam. Açıq gözlə getsəm, gözüm məni aldadar, tapa bilmərəm. Ona görə deyirəm ki, orada çinarın yanındakı qara qayaya çatanda gözümü bağlayın ki, hissimlə gedib atamın məzarını tapa bilim.
- Bildiyimiz qədərilə qismən səfərbərlik elan olunandan sonra bir neçə rayonun hərbi komissarlığında iştirak etmisiz. Həkim olaraq müşahidələrinizi bilmək istərdik...
- Çağırışla əlaqədar hərbi komissarlıqda oldum. Demək olar ki, hər kəs orduya getmək fikrindədir. 1992-ci ildə Şuşanın baş həkimi idim, eyni zamanda rayonun müdafiəsini təşkil etmək üçün orduya yazıldıq. Müdafiə Nazirliyinin gücləndirilmiş cərrahiyə hərbi dəstəsinin komandiri olmuşam. Sonra həmən komandadan tibbi tabor yaratdım. Bu tabor Şuşa hospitalı adı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xeyli şücaət göstərib. Amma o vaxt bizim nəinki ali baş komandanımız var idi, heç “komandan” sözünü üzərinə götürən şəxs də yox idi. Ona görə də hər bir əsgərin, zabitin, fədainin canından, qanından keçməsinə baxmayaraq torpaqlarımız işğal olundu.
Amma bu gün Prezidentimizin iradəsi, mətinliyi hər kəsi bu orduya daxil olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öz zəhmətini və tarixdə dəsti-xəttini qoymaq üçün istək yaratdı.
Döyüşlər əsnasında əsasən Şuşa, Laçın və Cəbrayıl rayonun hərbi komissarlığının fəaliyyətini gördüm. Hər kəs əlində bayraq komissarlıq qarşısında izdihamla orduya getmək istədiyini deyirdi.
Şahid olduğum bir məqamı demək istəyirəm. Hərbi komissarlığa cəbhəyə getmək üçün bir oğlan gəlmişdi. Ona tələb olunan əsgər sayının düzəldiyini, növbəti dəfə gəlməsini dedilər. Oğlan isə əgər həmin gün cəbhəyə getməsə, özünü yandıracağını dedi. Axırı komissarlıqdan zəng vurub, gedən maşını saxlatdırıb, oradan bir nəfəri endirib bu oğlanı cəbhəyə göndərdilər. Yəni, bu gün hər kəs cəbhəyə getmək üçün sanki bir yarışdadır.
Hazırda Şuşa Rayon Mərkəzi Xəstəxanasında cərrah işləyirəm. İşimlə əlaqədar müəyyən şeylərə şahid oluram. Demək olar ki, bütün rayonların təcili tibbi yardım briqadaları könüllü cəbhəyə getməyə can atırlar. Adətən döyüş bölgəsindən qaçarlar. Amma burada biri o birisinin paxıllığını çəkirdi ki, niyə o, ön cəbhədədir, mən burda.
Bu gün Şuşa Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti Tuğda və digər işğaldan azad olunmuş kəndlərdə fəaliyyət göstərir. Biz bu tarixi anları yaşayırıq.
- Necə oldu ki, Şuşa Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini bərpa etdiniz?
- Şuşanın xəstəxanasını Bakıda bərpa etmək üçün 10 nəfərdən ibarət fədai birləşdik. Günlərlə səhər saat 9-dan axşam saat 9-a qədər nazirin qapısının ağzında növbədə dayandım ki, icazə versinlər. Nəhayət, Ulu Öndər hakimiyyətə gələn günü həmin nazir məni qəbul etdi və əmrə qol çəkdi. Çünki bilirdi ki, Ulu Öndər hakimiyyətə gəlibsə, hər şey bərpa olacaq. Amma mərhum Prezident Elçibəyin vaxtında bu əmrə qol çəkmirdilər. Ulu Öndər dəfələrlə çıxışlarında işğal olunan ərazilərin müəssisələrini dirçəltməyi vurğulamışdı ki, onlar assimilyasiyaya uğramasın və kompakt şəkildə öz yerlərinə qayıda bilsin.
Bu gün həmin məqam gəlib çatıb, artıq işğaldan azad olmuş yerlərə hazır müəssisələr, kollektivlər gedəcək. Bu müəssisələr dağılsaydı, itib-batsaydı necə olardı?!
- Ramiq doktor, 28 ildə heç ümidsizliyə qapıldığınız an oldumu?
- Yox. Ümidim haqqa, ədalətədir. Dünya həqiqəti nə qədər görüb qəbul etmək istəməsə də, həqiqət məqamı gəlib çıxır. Deyərdim ki, 30 ildən sonra qalib kimi qayıtmağı heç kəs gözləmirdi. Dünyada belə bir şey olmayıb ki, işğaldan 30 il sonra torpağı 40 gün müddətinə qələbə ilə qaytarsınlar. İlham Əliyev ifadəsi qeyri-mümkün olan tarix yazdı. Bəlkə də illər sonra hansısa mütəfəkkir, tarixçi bu qələbəyə layiqli dəyəri verəcək. Bunun dəyərini bu gün ifadə etmək çox çətindir.
- Bu 28 ildə Qarabağla, Şuşa ilə bağlı sizi narahat edən məqam nə olmuşdu?
- Qarabağın, eləcə də Şuşanın qiyməti yoxdur. 28 ildə “məcburi köçkün” adlandırmağımın mənəvi ziyanı günbəgün artıb. Əgər Şuşanın çıxışında bir kağızı verilsəydi ki, buradan çıxan məcburi köçkündür, hamı orada ölərdi, amma çıxmazdı. O adla yaşamaq damğadır. Bu, təqsirim olmadığı halda mənə verilmiş ən ağrılı bir addır. O vaxt ölkəyə rəhbərlik edən yox idi, bunun təqsiri ucbatından yurdumdan didərgin düşdüm.
Bu gün məndən soruşurlar ki, Bakıda eviniz, hər bir şəraitiniz var, bunları qoyub gedəcəksizmi? Deyirəm, əlbəttə, qoyub gedəcəm. İnsan üçün canından dəyərli heç nə yoxdur. Əgər mən canımı dəfələrlə müharibəyə qurban verib döyüşə getmişəmsə, bir gündə neçə dəfə ölümlə üzləşmişəmsə, onda bu evi-eşiyi qoyub getmək nə böyük şeydir ki?!
- İşğaldan sonrakı Şuşanı necə təsəvvür edirsiniz?
- İndiyə qədər ermənilər Şuşada heç nə edə bilmirdi. Çünki işğalda olan əraziyə kim gəlirdisə, oğurluqla gəlirdi. Oranın hər qarışı Bakıdakı evlərdən 10 dəfə baha olacaq. Çünki ərazi kiçik və çox qiymətlidir. İndi Şuşa azaddır, dünyanın müxtəlif ölkələrindən buraya investisiya yatırmaq istəyənlər olacaq.
Şuşanın tibb tarixini araşdırıram. Bir kurort kimi oranı səciyyələndirəndə parametri ilə Davosdan üstündür. Heç kəsin xətrinə dəymək istəmirəm, amma Şuşanın havası heç bir yerdə yoxdur.
Şuşanın ecazkar təbiəti, təmiz suyu və saf havası bir çox sənətkarlar kimi memar Kərbəlayi Səfixanı da məftun etmişdi. Məscid və mədrəsə ətrafındakı dükan, bazar, bulaq, yaşayış evləri və digər təyinatlı binalar müxtəlif illərdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Farsların Şuşada bərpa etdiyi məscidi bizimkilər bəyənmədi. Çünki onlar ancaq bərpa edir, Kərbəlayi Səfixanın ruhu yoxdur.
Şuşa məscidlərinin hamısını Kərbəlayi Səfixan tikib, eləcə də Şəkin Xan sarayındakı rəsmlərin əksəriyyəti bu memara aiddir. Hesab edirəm ki, o ruhları da bərpa etmək lazımdır.
- Bu gün cəmiyyətimizdə hər kəs Qarabağlıdır. Sizcə, bu birlik ruhunu qoruyub saxlaya biləcəyikmi?
- Əgər kənardan bir qurdun içimizə düşməsinə imkan verməsək, bu birlik saflığını qoruyub saxlayacaq. Heç kəs bizim xoşbəxtliyimizi özümüz qədər istəmir. Bu birlik və xoşbəxtlik də bizim özümüzdən başqa heç kəsə lazım deyil.
Fridrix Nitsşe fəlsəfəsinə görə, cəmiyyəti idarə etməkdən ötəri onları qruplaşdırmaq və onları yönəltmək üçün də içəridən bir rəhbər seçmək lazımdır. Yəni əgər kənardan başqa məqsədli insanlar içərimizə girməsə, bu birlik davam edəcək.