13 Noyabr 2020 11:58
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda Ordumuzun Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum əməliyyatları bizə Azərbaycanı yenidən tanıtdı. Biz igid əsgər və zabitlərimizi, şanlı Ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

R.Nurullayev əlavə dörd zəfər faktorunu səsləndirib:

“Birinci faktor Azərbaycan Prezidenti ilə xalq və ordu arasında olan yaxın, açıq, səmimi, acı və şirinliyindən asılı olmayaraq ancaq və ancaq həqiqətlərə söykənən təmas oldu. Prezident xalqa həqiqətləri açıq şəkildə, həm də sadə dildə çatdırdı. Xalqla açıq, səmimi və isti olmaq, paylaşmaq zəruridir. Çünki biz deputatların, hakimiyyətin, ordunun, Prezidentin də dayağı əli qabarlı, zəhmətkeş, torpağına sədaqətlə, canı və qanı ilə bağlı olan xalqdır. Eşq olsun Azərbaycan xalqına!

İkinci faktor xalqın göstərişsiz təşkilatlanması oldu. Elə ailə var ki, dörd oğlu da cəbhədə azğın düşmənə qarşı vuruşdu. Bir oğlu şəhid oldu, o biri oğlanlarını da qurban dedi. Bu xalqın çoxu cəbhə yollarında əsgərimizə nə isə vermək üçün yollarda dayandı. Elə insanlar var ki, yol kənarları onlara yorğan-döşək idi. Ordumuzun ehtiyacı olmasa da, hər bir kəs gücü çatanı toplayıb cəbhə bölgəsinə daşıdı. Bu, xalqın tarixində qızıl hərflərlə yazılacaq bir məqamdır.

Belə xalqı unutmaq, incitmək, onu pis yaşatmaq, ondan oğurlamaq, onu gözardı etmək olarmı? Əsla. Hər şey sadə xalq üçün, yenə də xalq üçün! O ləyaqətlə və şərəflə yaşamalıdır. Uca olan xalqdır! Güc onundur! Yaşasın şanlı əsgər və zabitlərimiz!

Üçüncü faktor dövlət orqanlarının harmoniya ilə işləməsi oldu. Istər diplomatiya, istər xarici siyasət idarəsi, istərsə də Parlament Prezidentlə koordinasiyalı və səhvsiz işlədi. Təbii ki, Prezidentin də xarici media vasitələrinə verdiyi tutarlı müsahibələr də bu işin avanqardı oldu.

Dördüncü faktor isə 50 partiya ilə siyasi dialoq nəticəsində əldə olunan milli birlik çağırışı idi. Ali Baş Komandan daxili proseslərdən rahat olaraq fikirlərini cəbhəyə yönəltdi. Onun üçün də partiyaların PA-nın müvafiq şöbəsinin təşəbbüsü ilə birlik nümayişini qazandığımız zəfər üçün əvəzsiz hesab edirəm. Bu işin əhəmiyyəti düşmən ölkədə siyasi partiyalar və baş nazir arasında olan hadisələrlə müqayisədə daha qabarıq görünməkdədir”.

Razi Nurullayev sonda deyib ki, biz iki əsrdir, ancaq torpaq itirmişik. Prezident İlham Əliyev ilk Prezident oldu ki, torpaq aldı. Alqış olsun bu birliyə, bu şücaətə!


Müəllif: Cavad

Oxşar xəbərlər