Fransa Milli Assambleyasında da qondarma rejimin tanınması ilə bağlı cəhdlər olub. Azərbaycan-Fransa dostluq qrupunun ölkəmizə dost olan nümayəndələri tərəfindən bunun qarşısı alınıb. Ölkəmizin Fransadakı səfirliyi də bu işdə aktiv olub. Ölkəmizi Fransa Milli Assambleyasında dəstəkləyən dostlarımız hələ də var. Haqlı, ədalətli mövqeyimiz Fransa Milli Assambleyasında dəstəklənir. Paris merinin müraciəti ilə yuxarı senatda tövsiyə xarakterli qətnamənin qəbul olunmasının hüquqi əsası yoxdur. Bu, sadəcə fransız ictimaiyyətində fikir formalaşdırır.
Bunu Teleqraf.com-a Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
O qeyd ki, Milli Məclisin beynəlxalq əlaqələr komitəsi, dostluq qrupu, dövlət qurumları bunu təxribat xarakterli addım adlandırıb:
“Bu günə qədər inkişaf edən ikitərəfli münasibətlərə bu cür xoşagəlməz addımların mənfi təsiri olacaq. Fransa neytral mövqe tutmalı olduğu halda bu, müşahidə edilmədi. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa missiyasını yerinə yetirməkdə böyük şübhələr formalaşdırdı. Bu amil Fransanın həmsədrlikdə gələcək fəaliyyətini sual altına alır. Beynəlxalq hüquq təmin olunub. Azərbaycan gücü hesabına bunu həyata keçirib. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın işğaldan azad edilən əraziləri ilə bağlı dəstəyini ifadə edir. Bəzi ölkələrin və qurumların yanaşmaları onların özlərinə ziyan vurur. Hazırda qondarma rejim mövcud deyil, olması da qeyri-mümkündür”.
Soltan Məmmədovun fikrincə, Fransa Senatının qərarı bu ölkənin rəsmilərinin yanaşması kimi qəbul edilmir:
“Hazırda Fransada bununla bağlı adekvat mövqe müşahidə edilir. Fransa bunun onun üçün hansı fəsadlara səbəb ola biləcəyini yaxşı anlayır. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron açıqladı ki, Qarabağ və 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidr. Əminəm ki, Fransa hökumətinin bu mövqeyi məlum tövsiyələrlə dəyişməyəcək”.
Qrup rəhbəri regionda bərqərar olmuş sülhə dəstək olmaq üçün Fransa hökümətinin açıq fəaliyyət göstərmək niyyətində olduğunu söyləyib:
“Ona görə də, senatın bu yanlış qətnaməsi Fransa höküməti tərəfindən dəstəklənməyəcək. Çox təəssüf ki, Fransa Senatında bu məsələlər qaldırıldığı zaman hökumət təmsilçilərinin bunu dəstəklədiyini görmüşük. Bu, narahatedici haldır. İndiki məqamda isə Fransa hökmətinin bu məsələni dəstəklməyəcəyi faktı ortadadır”.