Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması təkcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və həmrəylik ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
O qeyd edi ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır:
“Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və sair kimi bu qəbildən olan sosial güzəştlər yalnız bu təminatın kiçik bir qismidir.
İşəgötürənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı ayrı-ayrı vətəndaşlarımızın da şəhid ailələrinə və qazilərə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” Fondu məhz bu funksiyanı yerinə yetirəcək”.
Hikmət Babaoğlu qeyd edib ki, bizim ən yaxşı milli xüsusiyyətlərimizdən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir:
“Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir.
Beləliklə, xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştirakçısına çevrilir, milli-mənəvi bağlarımızı möhkəmləndirmiş oluruq. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün vacibdir”.