Bu gün Azadlıq meydanında 1918-ci ilin 15 sentyabr ruhunun təkrarlandığı gündü.
Bu gün Azadlıq meydanında “Qarabağ Azərbaycandır!” şüarının həyata keçdiyini gördüyümüz gündü.
Bu gün Ənvər paşanın Rəsulzadəni təbrik etdiyi günün bir bənzəri olan gündü.
Yüz iki il öncəki kimi bu gün dostluq və qardaşlığımızın təntənəsi günü idi.
***
“Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra 15-də saat 9-da zəbt olundu”.
Nuri paşanın hərbiyyə naziri olan qardaşına göndərdiyi teleqramda belə yazılırdı. Qafqaz İslam Ordusu Bakını azad etmiş, ardınca rəsmi keçid baş tutmuşdu. Dövrün tədqiqatçısı Mehman Süleymanov o günləri belə təsvir edir:
“Qafqaz İslam Ordusu komandanlığı şəhərə girməzdən əvvəl qoşunların rəsmi keçidinin keçirilməsini qərara aldı. Nuru paşa Mürsəl paşaya bildirirdi ki, sabah sentyabrın 16-da Xəlil paşa ilə birlikdə Puta stansiyasından hərəkət edəcək. O təklif edirdi ki, qoşun hissələri Bakının şimal ətəklərində, münasib yerdə cəmləşdirilsin və orada rəsmi-keçid təşkil edilsin. Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanın hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə təşkil edilmişdi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və hörmətli şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı. Qoşunlar və onların pişvazına çıxmış xalq Xəzər dənizi sahilindəki böyük meydana (indiki “Sahil” bağı olduğu güman edilir) toplaşdılar. Nuri paşa toplaşanlar qarşısında çıxış etdi”.
O gün rəsmi keçidin olduğu meydanda Xəlil paşa, Nuri paşa vardı. Bugünkü keçiddə Ərdoğan, Çavuşoğlu, Hulusi Akar vardı.
Tarix təkrarlanmışdı. Ona görə də prezident İlham Əliyev birgə bəyanatda belə dedi: “Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər”.
Eynilə 102 il öncəki kimi.
Ona görə Ərdoğan dedi ki: “Bu gün Nuri paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür”.
***
Dövrün fotolarını müqayisə etdim.
Bakıda Azərbaycan ordusunun 1919-cu ildə baş tutan başqa bir hərbi paradında xalq indiki İstiqlaliyyət, o zamankı Parlaman küçəsinə yığışmışdı.
Parlamentin, İsmailiyyə binasının önündən keçərkən xalqın əlində bayraqla ordumuzu qarşıladığını görürük. At üstündə gedən zabitlərimiz bugünkü hərbçilərimiz kimi əzəmətlidirlər. Çünki artıq Azərbaycan müsəlman Şərqinə nümunə olacaq parlamentli respublika idi. Ərazilərimizdəki üsyanlar bir-bir yatırılır, güclü dövlət qurulurdu.
***
Cümhuriyyətin de-fakto tanınması ilə bağlı da hərbi parad keçirilmişdi.
Ən son parad isə Novruz günü baş tutmuşdu. Bu parad 23 aylıq hökumətin sonuncu rəsmi keçidi idi.
O günlərin şahidi olan İsrafil bəy xatirələrində yazıb:
“Nəhayət, çoxdan gözlənilən Novruz bayramı gəlib çatdı... Meydan ətrafındakı küçələr, balkonlar, hətta evlərin damı da adamlarla dolu idi. Əsgərlərin hazırlığı və cəsur görkəmi hər kəsə böyük təsir bağışlayırdı. Hətta xaricilər də heyrətlərini gizlədə bilmirdilər. Azərbaycanlıların çoxunun isə sevincdən gözləri yaşarmışdı. Bu milli Azərbaycan hərbi hissələrinin parlaq, amma, çox təəssüf ki, sonuncu paradı idi. Əsgər və zabitlər o günü heç zaman unutmayacaqlar. İndi də onların qulaqlarında sevinc və ruh yüksəkliyi ilə dolu milli marşımız səslənir. Hökumət başçısı və sevimli Hərbi nazir general Mehmandarov bu marşın sədaları altında qarşılanıb hərbi qaydada salamlanmışdılar”.
***
Müstəqillik illərində bir neçə hərbi paradımız oldu.
1992-ci ilin 9 oktyabrında keçirilən hərbi parad, Bakının azad edilməsinin 100-cü ildönümünə həsr edilən parad da tariximizin bir parçasıdır.
Amma bugünkü parad ancaq və ancaq 15 sentyabr günü ilə müqayisə edilə bilər.
“Qarabağ Azərbaycandır!” şüarının Dəmir yumruq əməliyyatı ilə baş tutduğu günün Zəfər paradı Azərbaycan tarixində hər zaman xatırlanacaq.
Nə xoşbəxtik ki bu günün şahidi ola bildik.
Bu tarixi anı bizə yaşatdıqları üçün şəhid və qazilərimizə minnətdarıq.