Təəssüflə deməliyəm ki, qarşıdakı dörd-altı ay pandemiyanın ən pis dövrü olacaq. IHME (Sağlamlıq Ölçmə Qiymətləndirmə İnstitutu) hesablamalarına görə, 2021-ci il aprelin 1-nə qədər 200 min nəfər ölə bilər. Maska və sosial məsafə qaydalarına əməl etsək, ölümlərin böyük qisminin qarşısını ala bilərik.
Teleqraf.com xəbər verir ki, bunu “Microsoft”un qurucusu, milyarder və xeyriyyəçi Bill Qeyst açıqlayıb.
O, 2015-ci ildə belə bir epidemiyanın olacağı barədə danışdığını xatırladıb: “Epidemiyanı ABŞ-ın daha yaxşı idarə edəcəyini düşünürdüm. 2015-ci ildə proqnozlarımı verərkən ölənlərin sayının daha çox olacağını qeyd etmişdim. Virus indikindən daha ölümcül ola bilərdi. Ən pisi olmadı. Ancaq ABŞ-da və dünyada epidemiyanın iqtisadi təsiri beş il əvvəlki proqnozlarımı keçdi”.
Bill Qeyts ABŞ Prezidenti Donald Trampın peyvənd paylanmasında amerikalılara üstünlük verilməsinə dair fərmanına da toxunub: “ABŞ bütün insanlığa kömək etməlidir. Dünya iqtisadiyyatının çarxlarının yenidən dönməsini azrulayırıq. Ölümləri minimuma endirmək istəyirik. Vaksin sahəsində əsas texnologiya alman şirkətinə məxsusdur. Bu səbəbdən beynəlxalq paylaşımın və əməkdaşlığın qarşısını almaq səhv idi ”.
Bill Qeyts hesab edir ki, bütün peyvəndlərin tutumu artırılmalıdır: “Qarşıdakı aylarda təsdiqlənən və istehsalının artırılması asan olan daha bir neçə peyvənd olacaq. ABŞ digər ölkələrin tədqiqatlarından faydalanmışdı. Bu səbəbdən tamamilə eqoist olmamalıyıq”.
Xeyriyyəçi qeyd edib ki, xalqın peyvəndə inamını artırmaq üçün ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama vaksini könüllü olaraq ictimaiyyət qarşısında vurdura bilərlər: “Mən də eyni şeyi edəcəyəm. Növbəm çatanda mən də yan keçməyəcəm, peyvəndi ictimaiyyətin gözü qarşısında etdirəcəyəm. Xəstəliyin başqalarına keçməməsi hər kəsin xeyrinədir”.
“Forbes” jurnalına əsasən, Bill Qeytsin həmsədr olduğu fond bu günə qədər peyvəndin inkişafına və xəstəliklə mübarizə səylərinə 1,75 milyard dollar yardım edib.