Qarabağ müharibəsində şəhid olmuş Adil Akif oğlu Rzayevin anası Məhbubə Hüseynova işdən çıxarılmayıb.
Bunu Teleqraf.com-a Məhbubə Hüseynovanın çalışdığı “Elat” quşçuluq fabrikinin mühasibi Natiq Məmmədli deyib.
O bildirib ki, şəhid anasının ad və soyadı elektron icazə portalında da var: “Biz onu işdən çıxarmamışıq. Sadəcə işə gəlmir. Bu gün səhər-səhər də onun söhbəti getdi. Dəfələrlə xanıma zəng vurub demişik ki, mümkünsə işə çıxsın. O da hələ ki, gəlməyib. Güman edirik ki, oğlunun 40-dan sonra işə gələcək.
Yenə deyirəm, fabrik onu işdən çıxarmayıb, qayda-qanun var. Özünün deməyi ilə deyil ki... Səhər işdə bildirdim ki, zəng vurub maraqlansınlar, bəlkə işləmək istəmir, məcbur etməyək. Sadəcə məlumat almaq istəyirik ki, işə çıxmaq fikri var, ya yox... Əgər işdən getmək istəsə, gəlib ərizə yazıb çıxacaq. Bu, onun şəxsi qərarı olacaq. Hamımız başa düşürük ki, o, işə niyə gəlmir...”
Natiq Məmmədli deyir ki, Məhbubə Hüseynova istənilən vaxt işində çalışa bilər: “Quşçuluq fermasıdır, bəzən çatdırmırıq, işçi sayı azdır. Allah şahiddir, ona dəfələrlə zəng vurub işə konkret nə vaxt çıxa biləcəyini soruşmuşuq ki, biz də işimizi bilək. Əgər gec çıxarsa, əvəzedici kimi başqa işçi onun işi görsün, yox, tez çıxacaqsa, problem yoxdur, gözləyərik".
Fabrikin təmsilçisi şəhid ailəsinə diqqət göstərməyi vacib hesab etdiklərini deyib: "Başqa söhbət ola da bilməz, bu, bizə yaraşmaz. İşdən yas mərasiminə də gedilib. Göstəriş də verilib ki, işə çıxsa da, çıxmasa da əməkhaqqısı hesablansın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstənilən vaxtı gəlib işləyə bilər”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş Adil Akif oğlu Rzayevin anası Məhbubə Hüseynova Teleqraf.com-a deyib ki, oğlunun yeddisi çıxan kimi işlədiyi "Elat" quşçuluq fabrikdən zəng vurub onun işə çıxmasını tələb ediblər.
Ana övladının 40-ı çıxana qədər çalışdığı məüssisədən möhlət istəyib.
Məhbubə Hüseynovanın sözlərinə görə, şirkətdən bildiriblər ki, onu həmin müddətədək gözləyə bilməyəcəklər.