“Sürgündə Güney Azərbaycan Parlamenti yaradılmalıdır. Bu parlament fərqli insanları bir araya gətirməlidir”.
Bu fikirləri Günaz.TV-nin rəhbəri Əhməd Obalı bildirib. Onun sözlərinə görə, bu parlamentin yaradılması ilə bağlı 4 ilə yaxındır müzakirələr gedir:
“İstəyirik ki, demokratik ölkələrin parlamentinə bənzər bir qurum olsun. Hərçənd bizim mühacirətdə olanların sayı azdır, amma buna baxmayaraq bir iş görə bilərik. Onun üçün də bu ilin mart ayında bir toplantı oldu. Məni də ora dəvət etmişdilər. Məqsəd lazımsız söz-söhbətlərə son qoymaq idi. Orada İqbal Ağazadə və onun “Səhər” televiziyasında təqribən 15 il çalışmış Rüfət adlı müavini də var idi. Müzakirələr zamanı belə qənaət yarandı ki, İqbal Ağazadə barışdırıcı mövqedən çıxış etmir, barışdırma adı altında özünün planlarını həyata keçirməyə çalışır. Hətta belə bir fikir irəli sürdü ki, “gəlin Güney Azərbaycanın müstəqilliyini elan edək”. Təsəvvür edin, Danimarkada bir oteldə 10-15 nəfər yığışıb Güney Azərbaycanın müstəqilliyini elan etməlidir. Mən buna qarşı çıxdım. Sonra belə qərara gəlindi ki, parlament yaradılsın. Biz, bu sənədə imza atandan sonra gördük ki, həmin kağızda başqa məsələlər də yazılıb. Buna etiraz edərək bildirdik ki, biz, parlament yaratmırıq, sadəcə buna kömək edə bilərik. Gördük ki, İqbal Ağazadə burada özünə bir yer ayırmaq istəyir. Mən hamının – 15 nəfərin yanında İqbal Ağazadəyə 3 dəfə dedim ki, bizim Dünya Azərbaycanlıları Konqresindən (DAK) acı təcrübəmiz var. Baxmayaraq, DAK Bütöv Azərbaycanla bağlı idi, bu isə yalnız Güney Azərbaycanla bağlıdır. Burada Quzey Azərbaycandan heç bir şəxs təmsil olunmamalıdır, yalnız güneylilər yer almalıldırlar”.
Ə.Obalı əlavə edib ki, bundan sonra İqbal Ağazadənin artıq parlament qurduğunu elan etməsi və parlament üzvlərinin sayının 45 nəfərə çatdırılacağı ilə bağlı xəbər gəlib: “Təbii ki, biz, buna qarşı çıxdıq. Mən dostlara dedim ki, aramızda bir nəfər də hüquqşünas yoxdur və nizamnamə yazmaq haqqında qərarımız da olmayıb. Biz sadəcə parlamentin yaradılmasınını yerini və tarixini müəyyənləşdirmək barədə qərar qəbul etmişik. İclasdan sonra dostlarla əlavə söhbətlərimiz və millətə müraciətimiz oldu. Nəhayət, 2 həftə bundan əvvəl bəyanat qəbul etdik ki, ümumi çağırış əsasənda demokratik parlament qurulmalıdır.
İqbal Ağazadə o bəyanatı oxuyandan sonra mənə zəng vurdu. Məni təhqir və təhdid etdi. Bəyanata imza atanları təhqir etməsindən bəlli oldu ki, o, çox narahat olub. Bizə maraqlıdır ki, əgər parlament qurulursa, onda o, niyə narahat olur? Buradan müxtəlif versiyalar meydana çıxır. Bu ya divident qazanmaq istəyirdi, ya da bizi, hansısa qrupun əlində oyuncağa çevirməyə çalışırdı. Onu da bacarmadığına görə çox narahat olub. Eşitdik ki, onunla həmfikir olan 4 nəfərə deyib ki, paralel parlament yaradılacaq. Biz, 100-dən artıq imza yığmışıq ki, ümumi çağırış əsasında parlament yaradaq. Onlar isə deyir ki, 9 nəfər parlamentə namizədləri seçəcəklər və 45 nəfərdən ibarət parlament quracaqlar. Onların nizamnaməsində yazılıb ki, parlament istiqlaliyyəti elan etməlidir. Bu, oyuncaqdan başqa bir şey deyil.
Ola bilər ki, onu kimlərsə önə atıb. 4-5 nəfər qohum-əqrəba ilə qurulan parlament DAK-ın taleyini yaşayacaq. Bu da nə Azərbaycanın güneyinə, nə də quzeyinə xeyir gətirəcək. Onun müavininin İranla əlaqələri göz önünə gələndə isə düşünürük ki, o, bilərəkdən və ya bilməyərəkdən İranın oyununa düşüb. Çünki bu tərzdə parlament yaranmaz.
İqbal Ağazadə deyir ki, bu işdə yoxam. Mənim sualım budur. İqbal Ağazdə, əgər bu işdə yoxsansa, nədən özünü itirərək təhqiramiz sözlər danışdın? Hesab edirəm ki, İqbal Ağazadə Amerika, Avropa və Azərbaycan məhkəməsində cavab verməlidir. Amma digər tərəfdən də hər hansı bir millət vəkilinin digər bir azərbaycanlı tərəfindən məhkəməyə verilməsi Azərbaycan üçün də yaxşı hal deyil. Mən də fikirləşirəm ki bunu necə etmək lazımdır. Əgər İqbal Ağazadə təhdidlərinə davam edərsə, mən artıq onu məhkəməyə verməyə məcbur olacağam”.
AZAD