44 günlük Vətən müharibəsində xalqımız öz yüksək vətənpəvərlik, yardımsevərlik hislərini bir daha nümayiş etdirdi. Hər bir vətəndaş torpaqlarımızın erməni işğalından azad olunması üçün əllərindən gələni əsirgəmədi. Artıq biz qalib gəlmişik. Müharibənin ağır nəticələrini yaşayan insanların sosial müdafiəsi qarşıda duran əsas vəzifələrdəndir. Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçular - həssas təbəqənin sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova deyib
Komitə sədri bildirib ki, bununla bərabər dövlət COVİD-19 pandemiyasından zərər çəkənlərə də yardım göstərir:
“Müharibə iştirakçılarının mənzil, avtomobil, müalicə və sosial durumu ilə bağlı sistemli tədbirlər icra olunur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanlara, qazilərə borcluyuq. Vətəndaş cəmiyyəti, biznes strukturları, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərir. Xalqımız xeyirxahlıq, humanizm kimi yüksək mənəvi dəyərlərə malikdir. Bu prinsiplər milli təfəkkürümüzdə çox dərin iz salıb və qədim tarixə malikdir. “El bir olsa - dağ oynadar yerindən” inamına əsaslanaraq, xalqımız xeyriyyəçilik ənənələrinə sadiqdir. Sahibkarlar, vətəndaş cəmiyyətləri, şirkətlər, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız tərəfindən şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşırlar. Kömək etmək üçün öz töhfəsini verməyə çalışırlar. Bütün bunları nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması labüd idi. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ərazi bütövlüyümüz uğurunda yaralanan və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT fondu yaradıldı. Fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək üçün şəffaf, effektiv, əlçatan platformadır. Belə bir fondun yaradılması, mərkəzləşmiş formada təşkili və şəffaf fəaliyyəti çox önəmlidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarətin həyata keçirilməsi üçün Himayəçilik Şurası yaradılıb. Xüsusi bir məqam yaralananların və şəhid ailələrinin ehtiyaclarının öyrənilməsi və ünvanlılığın təmin olunmasıdır. Hər bir ailənin çətinliyi müxtəlifdir. Ona görə də bu ailələrə baş çəkərək, onların ehtiyaclarının müəyyən edilməsi çox vacibdir”.
Hicran Hüseynova qeyd edib ki, şəffaf fəaliyyət göstərəcək fond sayəsində yardımlar mərkəzləşmiş şəkildə lazımi ünvanlara, ehtiyacı olanlara çatdırılacaq:
“Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi YAŞAT fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb. Qısa müddətdə artıq bir sıra işlər görülüb. Fondun fəaliyyətinin təşkili ilə bağlı plan təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında manat və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) fonda hesablar açılıb. Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib. Yaxın günlərdə isə yaralananlarla bağlı siyahılar üzrə işlər tam yekunlaşacaq. Eyni zamanda, digər müvafiq işlər də görülür. Artıq ianələr də toplanır, mətbuatda da bu barədə məlumatlar dərc olunur. Milli Məclis də bu prosesdən kənardan qalmayıb. Başda Milli Məclisin spikeri Sahibə xanım Qafarova olmaqla, millət vəkilləri, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları nəcib təşəbbüsə qoşulub. YAŞAT fondu xalqımızın zəngin xeyriyyəçilik ənənələrinin davamı, gələcək nəsillərə gözəl bir nümunədir”.