23 Dekabr 2020 09:14
2 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 17 partiyanı sıralarında birləşdirən müxalifət indiyədək İrəvanın mərkəzinə 13 mindən artıq adam çıxara bilməyib. Müxalifət getdikcə daha sərt tədbirlərə əl atmaq istəsə də onların sıraları seyrəlir. Yəni mitinqə çıxanlar, müxalifətin tərəfində olanlar azalır. Müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyanın ordu və polisə müxalifət tərəfinə keçməklə bağlı etdiyi çağırış isə heç bir reaksiya doğurmur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, ordu da, polis də, xüsusi xidmət orqanları da Baş nazir Nikol Paşinyanın arxasında möhkəm dayanıb:

“Görünən odur ki, Paşinyanın Azərbaycanla, Türkiyə ilə münasibətləri inkişaf etdirməklə bağlı verdiyi vədlər, ölkəni yeni iqtisadi layihələrə qoşa biləcəyi ilə bağlı söylədikləri əhalinin ağıllı hissəsində müəyyən rezonans doğurub. Onlar başa düşürlər ki, Paşinyan istəsə, Azərbaycanla və Türkiyə ilə əlaqələri doğrudan da inkişaf etdirə bilər və bu əlaqələr gələcəkdə Ermənistan üçün yeni gəlir mənbəyinə çevrilə bilər. Məsələn, Mehri dəmiryolu işə düşərsə, Ermənistan dünya dəmiryolları şəbəkəsinə qoşulmuş olar. Ermənistandan yola düşən qatar həm Avropa istiqamətinə, həm də Asiya istiqamətinə gedə biləcək. Həmçinin, Ermənistanda sovet dövründən Gümrü-Qars dəmiryolu mövcud olub. Həmin dəmiryolu layihəsi də Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər. Bütün bunlar Ermənistanı blokadadan çıxarar. Həm də Ermənistana müəyyən tranzit gəlirləri gətirə bilər. Hazırda Ermənistan üçün bir nömrəli əhəmiyyətə malik olan onun Rusiya ilə dəmiryolu əlaqələridir. Əgər cəmi 26 kilometr uzunluğu olan Mehri dəmiryolu xətti işə düşərsə, Ermənistan dəmiryolu – onu da deyim ki, Ermənistan dəmiryolları tamamilə Rusiyanın istifadəsindədir – qısa müddətdə Ermənistan Rusiya dəmiryolları ilə əlaqələrini möhkəmlədə bilər”.

Politoloq qeyd edib ki, əvvəla bununla Rusiyanın Ermənistandakı hərbi bazaları üçün təchizat məsələlərini asan yolla – dəmiryolu vasitəsilə gətirəcək:

“Üstəlik Ermənistan əvvəlcə bölgədəki inteqrasiya proseslərinə qoşulacaq. Türkiyə ilə həm Qarsdan, həm də İğdırdan sərhəd xətləri açılacaq. Perspektivdə hətta Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin qurulması da gündəmdədir. Belə baxanda görürsən ki, bölgədə inqilabi dəyişikliklərin baş verməsi nəzərdə tutulur. Bunu da ancaq Paşinyan edə bilər. Manukyan, Köçəryan, Sərkisyan müharibə adamlarıdır. Bunlar gəlib bölgəni daha da qarışdıracaqlar. Ona görə Putin də yaxşı başa düşür ki, onlardan adam olmayacaq və onları siyasi dövriyyəyə buraxmaq olmaz”.

Qabil Hüseynli düşünür ki, N.Paşinyanın ətrafında həlqə nə qədər daralsa da, bu, çox uzun çəkməyəcək:

“Müxalifət axıradək insan resurslarından istifadə etmək imkanlarına malik olmayacaq. Hələlik Paşinyanın hakimiyyətdən getməsi üçün perspektivlər görünmür. Üstəlik, Paşinyan nə qədər pozitiv fikirlər səsləndirirsə, ona olan diqqət daha da artır. Beləliklə, mən güman edirəm ki, Ermənistan müxalifəti nə qədər hay-küy salsa da, ölkədə mövcud olan vəziyyəti dəyişdirə bilməyəcək. Məncə, Paşinyan ölkədə sabitlik yaratmağa nail olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər