24 Dekabr 2020 17:40
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Siyasi partiyalar haqqında” qanunu müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur.

Siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub.

Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb.

Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulur.

Deputat Razi Nurullayev bu qanunun dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb: “Deməzdim ki, mənim təşəbbüsümlə bu olub. Ancaq mən bu dəyişikliyi müsbət qiymətləndirirəm”.

VHP sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, indi müzakirəyə çıxarılan qanun layihəsi yeni reallıqdan doğur: “İki partiya var parlamentdə, onlar seçildikdə qeydiyyata alınmamışdı, amma seçildikdən sonra qeydiyyata alınıblar. Məncə, biz Maliyyə Nazirliyindən xahiş etməliyik ki, bu reallığı nəzərə alsınlar. Mən bu iki partiyanın maliyyələşməsinin əleyhinə deyiləm”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli dəyişikliyə səbəb olan 5 faiz məsələsinə diqqət çəkib:

“İndiki real vəziyyətdə iki partiya parlamentdə təmsil olunur və 5 faiz onlara açılacaq. Hər partiyaya ilə 100 min manat düşür. Bu halda digər partiyalara 170 min düşür. Yəni bir deputatla təmsil olunan partiya 170 min, digəri 100 min almalı olacaq. Burada araşdırmağa ehtiyac var. Əslində siyasi partiyalara 4 milyon manat ayrılıb. Hesab edirəm ki, siyasi partiyalara ayrılan vəsait 10 faiz artırılmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər