Azad olunmağımızla əlaqədar Prezident İlham Əliyevə təşəkkür edirəm. Bir kəlbəcərli kimi bütün Azərbaycan xalqına qələbəmiz münasibətilə təbriklərimi çatdırıram.
Teleqraf.com xəbər verir ki, bu sözləri 6 il düşmən girovluğunda qalmış Dilqəm Əsgərov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçirdiyi bugünkü mətbuat konfransında deyib.
Dilqəm Əsgərov ermənilərin işgəncələrinə məruz qaldığını bildirib: "Məni Kəlbəcərə heç kəs göndərməmişdi. Bu, mənim birinci səfərim deyildi. 1998-ci ildən bəri vətənimə gedib gəlirdim. Ermənilər məni Xankəndinə apardılar, hər iki barmağımı qırdılar. Başımın sümükləri sınıqdır, səhhətimdə problem var.
Həbsxanada bizə dəmir boşqabda üç qaşıq makaronlu su verirdilər. 105 kilo çəkidən 55 kiloya düşdüm. Taqətim kəsilmişdi, yeriyə bilmirdim. Həkimə apararkən maşında avtomatla bizi döyürdülər. Elə vaxt olub ki, onların prokurorlarının yanında 15 nəfər məni döyüb. 2 il məktub yazmağa imkan vermədilər. Bir tərəfim tamamilə iflic olmuşdu. Başıma gələnlərin hamısını Beynəlxalq Qırmızı Xaç Komitəsi bilirdi. Ancaq tədbir görmürdülər.
Onlardan beynəlxalq qanunlara uyğun davranış tələb etdim, sonra mənə radio gətirdilər. Mənə ömürlük həbs cəzası verib Şuşaya göndərdilər. Orada vəziyyət lap acınacaqlı idi. Bir ildən sonra Azərbaycanın təzyiqləri nəticəsində bizə yemək gətirməyə başladılar.
6 il Şuşa həbsxanasında qaldıq. Havaya gündə 1 saat çıxa bilərdik. Əvvəl yarım saat idi. İki dəfə Xankəndidə məni toka verdilər. Məqsədləri məni Azərbaycan xalqının və dövlətinin əleyhinə danışdırmaq idi. Ancaq buna razılıq vermədim. Hətta ora xaricdən jurnalistlər də gəlmişdi. Orada məni iki dəfə vurdular ki, o jurnalistərə müsahibə verim. Ancaq imtina etdim, dedim yalnız Kəlbəcərdə müsahibə verə bilərəm.
Dövlətimizin apardığı uğurlu siyasəti izləyirdim, ümidim var idi ki, azad olunacağıq. Onlara da dedim ki, gec-tez Azərbaycan əsgəri gəlib bura çıxacaq. Şükür ki, gəldilər..."