7 Yanvar 2021 16:11
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Qarabağ qazisi Vüsal Musayev müalicə aldıgı xəstəxanada intihar edərək özünü öldürüb. Faktı Müdafiə Nazirliyi də təsdiqləyib. Bildirilir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev yanvarın 6-da intihar edib.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Bu gün müharibədə ağır döyüş yolu keçən yüzlərlə hərbçi, qazi psixoloji pozuntulardan əziyyət çəkir. Müharibənin acı xatirələri, dostlarının qucaqlarında can verməsi, parçalanmış meyitlər, hər an ölümlə üz-üzə gəlmək qorxusu və digər şahidi olduqları mənfi hadisələr onları normal həyata uyğunlaşmağa imkan vermir.

Psixoloq Vəfa Əkbərli Teleqraf.com-a intihar hadisəsindən məyus olduğunu bildirib: “Belə hadisənin baş verəcəyini gözləmirdim. Çünki biz müharibədə qalib gələn tərəfik. Ruh yüksəkliyi, qalibiyyət duyğusu insanlarda yaşayıb-yaratmaq enerjisini və gələcəyə ümidlə baxmaq gözləntisini artırır. Amma görünür, müharibə ab-havasından çıxa bilməyən hərbçilərimizin mülki həyata qayıtması çox çətindir. Çünki onların içlərində yığılıb qalmış bir aqressiya var.

Əslində, müharibədən qayıdan hərbçilərə psixoloji reabilitasiya mütləq lazımdır. Biz özəl mərkəz olaraq bacardığımız qədər yardım etməyə çalışırıq. Bunun üçün qazilərə, hərbçilərə, şəhid ailələrinə və 44 günlük Vətən müharibəsinə şahid olmuş mülki şəxslərə ödənişsiz xidmət göstəririk. Bu gün bizə çoxsaylı müraciətlər olunur. Müraciət edənlərin daxilində nə olduğunu bilmədikləri bir enerji var. Bu zaman əksər vaxt müşahidə olunan problemlərdən biri - panik atak, təşviş pozuntusu, həyəcan, aqressiya yaranır.

Fikrimcə, dövlət tərəfindən təşkil olunan psixoloji xidmət qurumları yaradılmalıdır. Bəlkə də belə qurumlar var, sadəcə insanlar məlumatsızdır. Çünki müharibə gedən ərəfədə bizə də müraciət olunmuşdu, çox güman artıq yaradılıb. Müharibədə zərər görmüş şəxslərin informasiyası olmaya bilər, yaxşı olardı ki, onların ailələri araşdırsınlar”.

Müharibədən sonra psixoloji müalicəyə ehtiyacı olanlara yetərli sayda psixoloqların olmasına gəlincə, Vəfa Əkbərli deyib ki, dəqiq statistika vermək çətindir: “Açığı, mənə müraciət edən qazi və hərbçilərimizin psixoloq çatışmazlığı ilə bağlı hər hansı şikayətlərini eşitməmişəm. Hətta onlar öz təəssüratlarını danışarkən yaralanandan sonra xəstəxanaya aparılanda gözlərin açıb tibb bacılarının onların başı üstündə ağladığını deyirlər. Onlar deyir ki, tibb bacıları ayaqlarından ayaqqabını belə “can-can” deyə-deyə çıxarırdılar.

Bu münasibəti görən əksər hərbçilərimiz deyir ki, “bu insanlara görə müharibəyə getməyə dəyər”. Sinir sistemi zəif olan insanlar müharibədə gördüklərinə tab gətirə bilmir. Bunları nəzərə alıb psixoloji reabilitasiyanın zəruri olduğunu düşünürəm.

Müharibədə psixoloji sarsıntı keçirmiş insanlar üzləşdikləri itkilərlə barışa bilmirlər. Onlar silah yoldaşlarının şəhid olmasına şahid olublar. Silah səsləri, neqativ fikirlər, aqressiv davranışlar, daimi irəli getmə hissi onların daxilindən tədricən çıxmalıdır. Mülki həyata adaptasiya olunmalıdırlar”.

Psixoloq qeyd edib ki, müharibə zamanı insanların gözləntiləri artıb: “Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. İnsanlar sanki xəbər acı idi. Onlar bütün sosial, məişət problemlərini unudub, müharibəyə köklənmişdi. Sonra müharibə bitdi, biz qalib gəldik və buna çox sevindik. Şəhid xəbərləri gəlməyə başladı, qazilərimiz və hərbçilərimiz evlərinə döndülər. Hesab olunurdu ki, müharibə vaxtı necə bir yumruq olmuşuqsa, elə də olacağıq. Amma reallıq da var, biz həyata qaldığımız yerdən davam edirik”.

Vəfa Əkbərli sosial şəbəkələrdəki qüsurlardan da danışıb: “Bu gün heç kim mənim şəxsi səhifəmdə heç bir qazinin və ya hərbiçinin şəklini görə bilməz. Bu, mənim iş prinsipidir. Amma əfsuslar olsun ki, bəziləri bunu reklam xatirinə edir. Həmin şəxslərin şəklini çəkir və ya onunla şəkil çəkdirirlər, məxfiliyi pozurlar, “bu qədər qazimizə yardım etdik” kimi videoroliklər hazırlayıb qazinin ailəsini də buna alət edirlər. Gəlin bunu reklam xatirinə yox, sidq ürəkdən edək. Bu gün mənə onlarla müraciət edənlər var, onlar təşəkkürlərini paylaşdığım hansısa statusun altında edir, amma heç kim bilmir ki, o, sıravi vətəndaşdırmı, yoxsa müharibə iştirakçısıdırmı? Bu, belə də olmalıdır”.

Müsahibimiz deyir ki, psixoloqa müraciət edən insanların məxfiliyinin qorunması vacib bir nüansdır: “Əfsuslar olsun ki, bu, bəzi mərkəzlər tərəfindən çox sərt və kobud şəkildə pozulur. Kimliyindən asılı olmayaraq müraciət edən insanların məxfiliyi qorunmalıdır. Amma bu insanlarla reklam olunmaq, rəğbət qazanmaq yaxşı hal deyil. Bu zaman müraciət edən insan psixoloqun səmimiliyinə və yardımına əl uzatmır. Ağzımıza qoyduğumuz hər tikəni, dilimizdən çıxan hər sözü, etdiyimiz hər əməli sosial şəbəkələrdə nümayiş etdirməyək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər