Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda keçirdikləri üçtərəfli görüş, həmçinin İslamabad, Ankara və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsi haqqında məqalələr dərc edilib.
Teleqraf.com xəbər verir ki, “Azərbaycan və Pakistan örnək əməkdaşlığı genişləndirir” və “Pakistan, Azərbaycan və Türkiyə üçtərəfli görüşdə islamofobiya ilə mübarizə üzrə razılığa gəliblər” sərlövhəli məqalələrdə Bakı ilə İslamabad arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi, habelə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşünün yekunlarından bəhs edilir. Qeyd olunub ki, üç İslam ölkəsi nazirlərinin birinci görüşü 2017-ci ildə Bakıda keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması, Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq nizama salınması, müdafiə və təhlükəsizlik, üçtərəfli ticarət, nəqliyyat, təhsil, turizm və informasiya texnologiyaları, bank-maliyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bundan başqa, Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyinin saytında ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər, həmçinin təşkilatın nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəniyyət abidələrini ziyarət etməsi barədə material yayılıb.