“Bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşalacaq. Azərbaycan həmçinin vaksinasiya prosesinə də başlayır. Əksər aparıcı ölkələrdə bu prosesə start verilir. Hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil. Amma vaksinasiya uğurlu olarsa, pandemiya aprel ayınadək lokallaşdırıla bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmaq hər bir vətəndaşın qaydalara əməl etməsindən asılı olacaq: “Bir sıra Mərkəzi Avropa ölkələrin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır”.
Vüqar Bayramov deyib ki, sərt karantinin yenidən tətbiq edilməməsi iqtisadi baxımdan vacibdir: “Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır.
Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı iki sahədə 160 minə yaxın rəsmi işçi var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir.
Bu baxımdan, həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhfə verməyimizə ehtiyac var”.