20 Yanvar Azərbaycan xalqının qan yaddaşıdır. Mübarizə əzmini qırmaq, öz torpağına sahibliyinin qarşısını almaq üçün daxilində yaşadığımız bir ölkənin rəhbərliyi xalqımıza qarşı ağır bir cinayət işlədib. Bununla belə, Azərbaycan xalqının əzmini, qətiyyətini sındıra bilməyib. Onun öz torpağına sahiblik əzmini zəiflətmək mümkün olmayıb. Sonradan baş verən bəzi hadisələr də Azərbaycan xalqına qarşı planlaşdırılmış cinayət xarakterli bir ssenari idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputatın fikrincə, xalqımızın qətiyyəti, tarixdən gələn əzmi, ulu öndər Heydər Əliyevlə öz gələcəyini qurması onu müstəqilliyə doğru apardı: “Sonradan Azərbaycan xalqı addım-addım özünün tarixdə yerini tuta bildi. Heç təsadüfi deyil ki, 20 Yanvar faciəsinə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev verib.
O, hadisənin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda sovet ordusunun həyata keçirdiyi qanlı qırğına etirazını bildirib. Ulu öndər Heydər Əliyevin SSR-i rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətdə ittiham etməsi həmin dövr üçün böyük bir ssensasiya idi.
O zaman ulu öndərlə birlikdə onun oğlu, indiki Prezident cənab İlham Əliyev də nümayəndəliyə gəlmişdi. Məhz cənab İlham Əliyevin gənc yaşlarından xalqımızın mübarizəsinə qoşulması, öz mövqeyini ortaya qoyması Azərbaycanın sonrakı taleyində çox böyük rol oynadı”.
Millət vəkili qeyd edib ki, müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra dövlətçiliyimiz möhkəmlənməyə başladı: “Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi. Ərazi bütövlüyümüz üçün bütün istiqamətlərdə mübarizə aparılmağa başlanıldı. Nəhayətdə xalqımızın mübarizə əzmi 2020-ci ilin 8 noyabr Zəfəri ilə daha yüksək zirvəyə qalxdı. Azərbaycan xalqı göstərdi ki, o, öz hüququnu qorumaq və onu müdafiə etmək bacarığındadır. 20 Yanvar, Xocalı faciəsi, 1991-1993-cü illərdə başımıza gətirilən ağır hadisələr xalqımızın mübarizə əzmini sındıra bilmədi”.
Aydın Mirzəzadə bildirib ki, Azərbaycan xalqı düzgün yolunu, rəhbərini seçməyi bacarıb: “Xalqımız əvvəl ulu öndərin, inidi isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün çox böyük problemlərini həll etdi. Ona görə də, Azərbaycan bu gün dünya siyasətinə öz təsirini göstərə bilən bir dövlətə çevrilib.
44 günlük Vətən müharibəsi isə tək xalqımız üçün deyil, dünya tarixinin ən əzəmətli səhifələrindən biri hesab edilə bilər. Kiçik bir dövlət öz daxili gücü, xalqının imkanlarına söykənərək torpaqlarını işağldan azad etdi. Bir sıra mərkəzlərə, dairələrə arxalanan Ermənistanın faşist siyasətinə son qoyuldu.
31 illik dövrdən sonra Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümünü müstəqiliyimiz uğrunda şəhid olan övladlarının ruhu qarşısında hesabat verə bilir. Xalqımız öz qətiyyətini, şan-şöhrətini geri qaytarıb. Qazandığımız bu uğur əbədidir. Azərbaycan xalqı bu şanlı qələbələrə layiqdir”.