28 Yanvar 2021 11:36
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAŞAT Fondunun fəaliyyəti ilə bağlı bir qrup media rəhbərinin Fondun təşkili və vəsaitlərinin idarə olunmasını həyata keçirən "ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyevlə görüşü keçirilib. Görüşdə Ülvi Mehdiyev fondun gördüyü işlərlə bağlı media rəhbərlərini məlumatlandlrıb. YAŞAT saytının şəffaf, hesabatlı sturukturu nümayiş olunub. Məlum olub ki, şəhid ailələrinin ehtiyacları ilə bağlı detallı məlumatlar qısa bir zamanda müddətdə toplanılıb, təhlil edilib, informasiyalara əsaslanan yol xəritəsi çıxarılıb. Diqqət çəkən bir məqam bu idi ki, hesabatlılıq bütün dövlət qurumlarını əhatə edir, şəhid ailələri və əlillər, müharibə iştirakçıları ilə bağlı bütün istiqamətlərdə görülən işlər mərkəzləşmiş məlumat sistemində birləşdirilir.

Əlavə məlumat üçün YAŞAT fondu ilə bağlı aşağıdakı məlumatları təqdim edirik:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.

“YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

“ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb. Vətən müharibəsində yaralananlarla bağlı müraciətlər isə elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir.

Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər