4 Fevral 2021 13:09
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) növbəti 10 illik fəaliyyət strategiyası müəyyənləşib.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, fəaliyyət strategiyası Prezident İlham Əliyevin fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanır.

AMADA-nın rəhbəri Şəfəq Hüseynli qurumun 2016-cı ilin dekabr ayında təsis edilməsindən sonra qəbul olunan 4 illik Davamlı Strateji Planının icrasının yekunları ilə bağlı məlumat verib.

O bildirib ki, Azərbaycanda müstəqil milli antidopinq təşkilatı qismində təsis edilmiş publik hüquqi şəxs olan AMADA ictimai əhəmiyyət daşıyan dopinqlə mübarizə funksiyasını həyata keçirir: "Əsas missiyası ölkə ərazisində antidopinq proqramını həyata keçirmək olan AMADA-nın 26 nəfərdən ibarət işçi heyəti və mülki müqavilə əsasında fəaliyyət göstərən 31 nümunə toplama heyəti var. AMADA 4 illik fəaliyyətini və hədəflərini əks etdirən Davamlı Strateji Planının hazırlanmasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürüb. Hansı ki, bu, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təsdiq edilmiş və bütün dünya ölkələri tərəfindən dəstəklənmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əksini tapıb. Gündəlikdə 2030-cu ilədək daha yaxşı və dayanıqlı gələcəyə çatmaq üçün 17 qlobal məqsəd müəyyənləşdirilib. Bu qlobal çağırışı nəzərə alan AMADA özünün Davamlı Strateji Planında həmin 17 məqsəddən 11-nin əks olunduğu beş istiqamət müəyyənləşdirib".

AMADA rəhbəri deyib ki, dopinqlə mübarizənin əsasını sağlamlıq, dürüstlük, bərabərlik kimi ictimai dəyərlər təşkil edir. "Bununla bərabər hüquqlar, təhsil, gender bərabərliyi, təhlükəsizlik, ədalət, rifah və sair qlobal etik dəyərlər də mövcuddur. AMADA özünün Davamlı Strateji Planını hazırlayarkən bu prinsipləri nəzərə almaqla yanaşı buna innovasiyalar və sosial məsuliyyət dəyərlərini də əlavə edib. Əminliklə demək olar ki, AMADA 4 illik fəaliyyəti dövründə bütün bu qlobal dəyər və prinsiplərə sadiq qalıb və Davamlı Strateji Planını uğurla icra edib".

1. SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK: Sağlamlıq dopinqlə mübarizənin təşkilində düzgün və əhatəli qaydaların, habelə tədbirlərin əsasını təşkil edir.

Əlaqəli DİM: Yaxşı səhiyyə və rifah, BMT DİM No.3

1. TƏHSİL VƏ PROFİLAKTİKA: Təhsil davamlı inkişaf üçün ən güclü vasitələrdən biri olduğu kimi, dopinqlə mübarizənin də əsas vasitələrindəndir.

Əlaqəli DİM: Keyfiyyətli təhsil, BMT DİM No.4

1. DÜRÜSTLÜK VƏ İNSAN HÜQUQLARI: İnsan hüquqları davamlı inkişaf üçün şərait yaradır. Müxtəliflik, bərabər fürsət, gender balansı, ayrıseçkiliyə yol verməmə kimi prinsiplərə sadiqlik bütün fəaliyyət sahələri üçün vacibdir.

Əlaqəli DİM: Gender bərabərliyi, BMT DİM No 5; Bərabərsizliyin azaldılması, BMT DİM No.10; Sülh, ədalət və səmərəli institutlar, BMT DİM No. 16

1. İNNOVASİYALAR VƏ ARTIM: Fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq quran AMADA ISO 9001: 2015 standartına sahibdir. Bu, işçilərin iştirakı, müxtəliflik, rəqəmsallaşma, innovasiyalar, əməkdaşlıq və qlobal tərəfdaşlığı ehtiva etməklə yanaşı şəffaflığa və hesabatlılığa əsaslanır.

Əlaqəli DİM: Layiqli əmək və iqtisadi artım, BMT DİM No.8; Sənaye, innovasiya və infrastruktur, BMT DİM No.9; Məqsədlər üçün tərəfdaşlıqlar, BMT DİM No.17

1. ƏTRAF MÜHİT ÖHDƏLİYİ: AMADA-nın ətraf mühitin qorunmasına həssas yanaşması özündə təkrar emal, enerji və su istifadəsini azaltmaq, tullantıların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerjidən istifadəni ehtiva edir.

Əlaqəli DİM: Sərfəli və təmiz enerji, BMT DİM No.7; Məsuliyyətli istehsal və istehlak, BMT DİM No.12; İqlim dəyişikliyinə qarşı mübarizə, BMT DİM No.13

AMADA 4 il ərzində öz fəaliyyətini bu istiqamətlər üzrə qurub və əldə edilən nəticələr gələcək fəaliyyət üçün yaxşı zəmin hazırlayıb.

AMADA-nın növbəti 10 il üçün fəaliyyət strategiyasının əsasını isə Prezident İlham Əliyevin fevralın 2-də təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edəcək:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat,

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət,

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı,

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış,

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu Milli Prioritetlər eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

AMADA Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Milli Prioritetləri rəhbər tutaraq yeni 10 illik Davamlı Strateji Planını hazırlamağa başlamışdır. Bu plan 4 illik müsbət təcrübəyə, yüksək davamlılıq standartlarına və yeni inkişaf öhdəliklərinə əsaslanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər