Siyasətçi Məhərrəm İncə Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.
Telqraf.com xəbər verir ki, CHP-nin ideoloji aşınmaya məruz qaldığını bildirən İncə partiya liderləri ilə seçicilər və üzvləri arasında dərin bir uçurumun yaradıldığını deyib.
“FETÖ tərəfdarları sorosçuları qoruyanlarla yolumu ayırdım. “Liviyada nə işimiz var?” deyib, Mavi Vətəni özgələşdirənlərlə yollarımı ayırıram. “Türkiyə təəssüf ki, Azərbaycana yardım etdi” deyənlərlə yollarımı ayırıram”, - İncə bildirib.
Siyasətçi ən qısa vaxtda CHP-dən ayrılacağını söyləyib: “İstefa ərizəmi həftə ərzində təqdim edəcəyəm”.
Partiyanın nə vaxt qurulacağı və adı ilə bağlı suala Məhərrəm İncə belə cavab verib: “Çox qısa müddətdə. Növbəti iclasımızı partiyamızın salonunda, qərargahımızda keçirəcəyik. Ad, loqo - hamısı hazırdır”.